BAKI, 22 iyul — Sputnik. "Bakı Təşəbbüs Qrupu Niderlandın koloniyalarına dəstək verməyə başlayıb".
Bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ll Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən: "Fransız kolonializminin təkamülü: Siyasi və Konstitusional Analiz" mövzusunda hesabatın təqdimatında bildirib.
O giriş sözündə rəhbəri olduğu təşkilatın bundan sonra da həmin istiqamətdə fəaliyyəti davam etdirəcəyini söyləyib.
BMT-nin eksperti Karlayl Korbin isə BMT-nin Nizamnaməsində kolonializmi rədd etdiyini, eləcə də bu sənəddə alqların bərabər hüququnun təsbit olduğunu söyləyib.
O deyib ki, Fransanın III Respublika dövründə qəbul olunan konstitusiyada da müstəmləkə müddəaları yer alıb:
"Orada göstərilirdi ki, yerli əhalinin bu ərazilərdə mövcudluğu yalnız rəmzi xarakter daşıyırdı. IV Respublika dövründə yaradılan yeni idarəetmə üsulunda rəhbər şəxslərin 50 faizini Fransızlar təşkil edirdi. Yeni konstitusiyadan həmçinin "müstəmləkə" anlayışı çıxarılmışdı. 1956-cı ildəki qanuna əsasən Fransa hakimiyyətində təmərküzləşmə baş vermiş, Fransa birliyi icma ilə əvəz olunmuşdu. 1982-1983-cü illərdə burada baş verən islahatlar əsasən ərazi adlarının dəyişdirilməsi kimi təzahür edirdi. O dövrdə burada icmalar və iki xüsusi ərazi vardı. Bu ərazilər indiyədək qalmaqdadır. Onların əksəriyyəti hələ də Fransanın ərazisi sayılır. Həmin dövrdəki referendumda Qvadelupe və Martinik kimi dövlətlər dəyişikliyin əleyhinə səs vermişdi. Karib hövzəsində keçirilən referenduma isə kənardan müdaxilə var idi. Onları inandırmağa çalışırdılar ki, dəyişikliklərə səs verilsə, müstəqillik tamamilə itirləcək".
Qeyd edək ki, təqribən 140 səhifəlik tədqiqatda Fransanın keçmiş və hazırkı koloniyaları – Vyetnam, Əlcəzair, Yeni Kaledoniya (Kanaky), Fransız Polineziyası (Maohi Nui), Saint Martin, Saint Barthelemy, Mayotte (Qəmər Adaları İttifaqının ərazisi hesab olunur), Reunyon, Martinik, Qvadelupa və Fransız Qvianasının kolonizə edilməsinin tarixçəsi, habelə Fransanın hazırki kolonial siyasəti barəsində məlumat verilir. Hesabat sənədində Fransanın törətdiyi etnik təmizləmə, köləlik ticarəti, yerli əhalinin repressiyaya məruz qalması, həbs və qətlə yetirilməsi, aclıq nəticəsində onlar arasında baş verən ölüm halları, BMT qətnamələrinin icra edilməməsi, Fransanın siyasi, hərbi strateji və iqtisadi maraqları haqqında geniş şəkildə bəhs edilir.
Orada göstərilir ki, Yeni Kaledoniyada hazırda cərəyan proseslərin kökündə Fransa Prezidenti Emmanuel Makronun yerli əhalinin dekolonizasiya prosesi ilə əlaqədar tələblərinə göz yumması, öz siyasi kolonial siyasətini zorla irəlilətmək istəyi dayanır. Daha sonra sənəddə Fransa rəsmilərinin Yeni Kaledoniyada baş verən son iğtişaşların xüsusilə də Azərbaycanın müdaxiləsi ilə əlaqələndirməsinin əsassız olduğu qeyd olunur, bunun beynəlxalq ictimaiyyəti yerli Kanak xalqının haqlı tələblərindən yayındırmaq məqsədi daşıdığı vurğulanır.
Qeyd edək ki, Fransa Hökuməti tərəfindən koloniyalarda beynəlxalq hüquqa zidd olan hərəkətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılmasına, ümumilikdə çağdaş dövrün bəlalarından biri olan kolonializm probleminə diqqət çəkməyə xidmət edəcək tədqiqatın BMT və onun ixtisaslaşmış qurumlarına, habelə Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Afrika İttifaqı, ATƏT və digər beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulur.
Tədbirin sonunda Fransanın müstəmləkələrinin əks olunduğu xəritə nümayiş etdirilib.