TƏHSİL

Universitetlərdə qeydiyyatdan keçmək üçün kağız sənədlər lazım olmayacaq

Pandemiya dövrü bitən kimi universitetlər yenə kağız daşıyıcılar üzərindən sənədlər qəbul etməyə başladılar.
Sputnik
BAKI, 19 iyul — Sputnik. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Elm və Təhsil nazirliyinin birgə təşkilatçılığı ilə rəqəmsallaşan təhsil məlumatları mövzusunda brifinq keçirilib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müavini Rəşad Xalıqov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvaviq fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə rəqəmsal transformasiyanın əlaqələndirilməsi, bu sahədə tədbirlərin təşkili üçün məsul qurumdur. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal hökumət quruculuğu üzrə operator vəzifəsini daşıyır".
Rəşad Xalıqov deyib ki, rəqəmsal hökumət quruculuğu çərçivəsində kağızsız hökumətə keçid üçün bır sıra silsilə layihələr icra olunur: "Bu layihələrdən biri də Elm və Təhsil Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birlikdə ali təhsil müəssisələrinə qeydiyyat zamanı tələbələrdən hansısa kağız daşıyıcının tələb edilməməsi üçündür. "portal.edu.az" platforması vasitəsilə tələbələr təhsilin müxtəlif pillələrinə qeydiyyat zamanı hər hansı sənəd hazırlamaq, eyni zamanda universitetlərə fiziki daşıyıcı da sənəd təqdim etmək məcburiyyətində deyillər. Müvafiq informasiyalar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən formalaşdırılmış "Digital Bridge" infrastruktur həlli vasitəsilə inteqrasiyalı şəkildə "portal.edu.az"a təmin edilir. İlk olaraq texniki universitetdə bu pilot layihə kimi həyata keçirildi. Hazırda bir neçə başqa universitetlərdə də bu prosesə başlanılıb. Sistem online olduğuna görə, internetə qoşulma tələb edir. Tamamilə offline versiya üçün də texniki imkanlar mövcuddur".
Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov isə bildirib ki, bugünkü tədbir iki mövzuya həsr olunub: "İlk olaraq "mygov" portalına təqdim etdiyimiz cari təhsil məlumatları, eyni zamanda məzun məlumatlarını əhatə edən arayışları təqdim etmişik. Bu o deməkdir ki, bütün təhsil pillələri üzrə cari təhsil alan və eyni zamanda məzun olan vətəndaşlar öz arayışlarını mygov portalı üzərindən rəqəmsal qaydada əldə edə bilərlər. İkinci məqam isə artıq 3 ildir ki, potral.edu.az vasitəsilə həyata keçirdiyimiz tələbə qeydiyyatı sistemini bu ildən müəyyən universitetlərdə tamamilə rəqəmsal formada həyata keçirəcəyik. Rəqəmsal formatda qeydiyyat universitelərin həmin sənədləri təkrar olaraq kağız formada tələb etməyəcəyi anlamına gəlir".
"Bununla bağlı maarifləndirmə işləri də aparılır. Həm imtahanları keçirən DİM qeydiyyat prosesini elan edərkən bu barədə məlumat verir, eyni zamanda Elm və Təhsil Nazirliyi də bu prosesi kommunikasiya edir. Təmsil etdiyim qurum və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaxından əməkdaşlıq edir. Qurumlarımız arasında informasiyanın təhlükəsiz ötürülməsi üçün səmərəli əməkdaşlıq qurulub.
"Bu layihə Pandemiya dövrü ərzində icra olunmağa başladı. Pandemiya dövrü bitən kimi universitetlər yenə kağız daşıyıcılar üzərindən sənədlər qəbul etməyə başladılar. Biz isə "portal.edu.az" üzərindən imkan yaratdıq ki, kağız daşıyıcılardan imtina edilsin. Bu portalda bir sıra əməliyyatlar icra oluna bilər", o deyib.