DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Trampa zəng edib

Prezident Ərdoğan Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.
Sputnik
BAKI, 18 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verən hadisələr müzakirə edilib.
Prezident Ərdoğan Donald Trampa qarşı sui-qəsdi bir daha pisləyərək, hücuma görə kədərləndiyini və tezliklə sağalmasını diləyib.
O, həmçinin sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib. Prezident bu mənfur hücumdan sonra Trampın cəsarətli mövqeyinin təqdirəlayiq olduğunu, proqramlarını fasiləsiz davam etdirməsinin demokratiyanı gücləndirdiyini və bunun Amerika xalqının uzaqgörənliyinə inamın göstəricisi kimi qiymətləndirilməli olduğunu bildirib.
Türkiyə Prezidenti ABŞ-də noyabrda keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini vurğulayıb.
17.07.24, 23:48
Trampa qarşı yeni sui-qəsd cəhdləri istisna edilmir - KİV
ABŞ kəşfiyyat rəsmiləri yaxın həftələrdə keçmiş prezident Donald Trampa qarşı yeni sui-qəsd cəhdlərini istisna etmirlər. Politico qəzeti bu barədə kəşfiyyat məlumatları ilə tanış olan şəxslərə istinadən yazıb.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatı İranın noyabr seçkiləri ərəfəsində Trampa sui-qəsd planları üzərində fəal işlədiyi iddiasına dair getdikcə daha çox sübut əldə edir. Eyni zamanda Tehran əvvəllər bütün bu cür ittihamları rədd edərək, onları əsassız və pis niyyətli adlandırıb.

"ABŞ rəsmiləri bildiriblər ki, son aylarda kəşfiyyat fəaliyyəti intensivləşib və rəsmilər Tehranın niyyətlərinə daha çox əmin olublar. Onlar həmçinin bildiriblər ki, yaxın həftələrdə Trampın həyatına daha çox sui-qəsd baş verə bilər", - nəşr yazır.

İranın general Qasım Süleymaninin öldürülməsi ilə bağlı Trampla "hesablaşmaq" planını illərdir nəzərdən keçirdiyi iddia edilir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran ABŞ-ın keçmiş prezidenti Donald Trampı general Süleymaninin qətlindəki roluna görə məsuliyyətə cəlb etməkdə qərarlıdır, lakin Tehran Trampa qarşı son sui-qəsd cəhdində iştirakı ilə bağlı hər hansı ittihamı rədd edir.
CNN məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ kəşfiyyat xidmətləri İranın guya Trampı "yox etməyi" planlaşdırdığı barədə məlumat alıb və bu, ABŞ hakimiyyətini Ağ Evin keçmiş sahibi üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib. Hazırda PenTrampsilvaniyada Trampa qarşı sui-qəsddə şübhəli bilinən Tomas Kruksun bu planda iştirakına dair heç bir əlamət yoxdur.
2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində iranlı general, SEPAH xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani və İraq şiə milislərinin rəis müavini Əbu Mehdi əl-Mühəndis öldürülüb. Vaşinqtonda onların 2019-cu il dekabrın 31-də Bağdaddakı ABŞ səfirliyinə hücumun təşkilində əli olduğuna inanırlar. Buna cavab olaraq İran İraqdakı ABŞ bazalarına, o cümlədən Ayn Əsədə zərbələr endirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.