BAKI, 18 iyul — Sputnik. Keçmiş Prezident Donald Trampa sui-qəsd cəhdi müasir tarixin gedişatını dəyişə bilər. Bu güllə Co Baydenin keçmiş üsullardan istifadə edərək ABŞ prezident seçkilərində qalib gəlməsini qeyri-mümkün edir.
Bu barədə rusiyalı senator, Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lə Qarşılıqlı Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov danışıb.
"Bu güllə müasir tarixin bütün gedişatını dəyişə bilər. Bu sui-qəsd cəhdi sadəcə insident deyil, siyasi sistemdə çox ciddi böhranın və ABŞ-da dərin parçalanmanın nümayişidir. 2020-ci ildə onlar seçkiləri saxtalaşdırmaqla bu problemi qansız bir şəkildə həll etdilər. Amma hazırda başa düşürlər ki, poçtla səsvermənin, rəhmətliklərin, seçkiyə gələn miqrantların və digər üsulların Baydenə heç bir faydası olmayacaq. Hazırda bu, artıq mümkün deyil" - Aleksey Puşkov Federasiya Şurasının komissiyasının işinə həsr olunmuş mətbuat konfransında bildirib.
Senatorun fikrincə, ABŞ hazırda tənəzzülə uğrayan fövqəldövlətdir:
"ABŞ sübut edib ki, yıxılan super dövlətdir. Bu o demək deyil ki, onlar sabah yıxılacaqlar. Amma bu proses getdikcə daha çox ətalət qazanır. ABŞ prioritetlərlə həddən artıq yüklənib. Onlar Tayvana kömək etməlidirlər, İsrailə kömək etməlidirlər, Səudiyyə Ərəbistanı ilə münasibətləri gücləndirməlidirlər, bizimlə mübahisəni davam etdirməlidirlər, Ukraynaya kömək etməlidirlər, Yəmən husiləri ilə məşğul olmalıdırlar və s."
Bundan əlavə, rusiyalı senator Trampa sui-qəsdin 20 yaşlı Tomas Metyu Kruks tərəfindən təşkil edilməsi versiyasını tənqidlərə tab gətirməyən mif adlandırıb. Aleksey Puşkovun sözlərinə görə, polis və təhlükəsizlik əməkdaşlarının izaholunmaz hərəkətləri bunun peşəkarlıqla hazırlanmış cinayət olduğunu göstərir.
Xatırladaq ki, İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddən sonra "Uçan metal zireh" yaratmağın vaxtının gəldiyi barədə bəyanat verib.