BAKI, 18 iyul - Sputnik. İranın 14-cü hökuməti koalision deyil, milli birlik (milli sözü burada etnik birlik baxımdan yox, İran milləti mənasındadır-red) kabineti olacaq.
Bunu yeni hökumətin üzvlərinin seçilməsi üzrə təşkilat şurasının sədri, keçmiş xarici işlər naziri Məhəmmədcavad Zərif İran teleradiosuna müsahibəsində bildirib.
O, yeni hökumətin elmi əsaslarda formalaşacağını, bu metodun yeni olduğunu qeyd edib. Sədr bildirib ki, inqilabdan sonra hökumətin formalaşmasında xalqın yeni iştirakı prosesi qurulub: “Başqa ölkələrdə hökumət adətən partiyalar tərəfindən qurulur. Biz bu prosesin daha şəffaf olmasına çalışmışıq, təbii ki, mükəmməl olmaya bilər”.
Sədr vurğulayıb ki, nazirlərin seçimi prezidentin ixtiyarındadır və onlar məsləhətləşmələr aparır: “Bu şurada beş işçi qrupu var - Daxili işlər, Müdafiə, Kəşfiyyat, Ədliyyə, Xarici İşlər nazirlikləri. Atom Enerjisi Təşkilatına dair təklifləri İşçi Qrupu verəcək. Buna mən cavabdehəm. Təbii ki, qadın vitse-prezidentlər istisna olmaqla, vitse-prezidentlər bura daxil deyil. Biz nazirlər və təşkilatlarla bağlı təqdimatlar edirik".
Şura sədri deyib ki, infrastruktur üzrə işçi qrupuna Neft, Yollar, Rabitə və Kənd Təsərrüfatı Cihad Nazirliyinə Əbdül Əlizadə (Məhəmməd Xatəminin kabinetində tikinti naziri olub, azərbaycanlıdır) rəhbərlik edir.
Zərifin sözlərinə görə, üzvlərin seçilməsini komitənin rəhbəri həyata keçirir: “Biz bu günə qədər bu komitələrə üzvləri müzakirə edirik".
Keçmiş nazir bildirib ki, saflıq, milli rəftar, İslam Respublikasına iman, ən yaxşı ustad və xalqın nəzəri başlıca meyardır.
O əlavə edib ki, hökumətdə ümumilikdə 450-yə yaxın adam təmsil olunacaq.
Şura sədri vəzifəsinə milli xadimlər, eləcə də Mütəlfə Partiyasından tutmuş İslahat Cəbhəsinə kimi bütün partiyalar öz namizədlərini təqdim edə bilər.
O bütün bunları İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin göstərişi ilə etdiklərini də vurğulayıb. M.Zərif nazirlərin başçılıq etdikləri qurumlarda müşavir olaraq fəaliyyət göstərməsini və onların 60 faizinin dəyişməsini istədiklərini qeyd edib.
Qeyd edək ki, İranda keçirilən son prezident seçkilərinin ikinci turunda islahat qanadının namizədi Məsud Pezeşkian 16 milyondan çox səs toplayaraq ölkənin 9-cu prezidenti olub. O, əslən azərbaycanlıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.