BAKI, 18 iyul — Sputnik. Gəncədə iki aylıq körpə xəstəxanada ölüb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 16.07.2024-cü il tarixdə saat 11:10 radələrində 21.05.2024-cü il təvəllüdlü körpə (qadın cinsli) yerləşdirilib.
"Həkimlərin səyinə baxmayaraq, həmin gün saat 19:14-də körpənin dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı diaqnozu ilə ölümü qeydə alınıb" - məlumatda vurğulanıb.
29.08.23, 12:00
Cəlilabad Xəstəxanasında doğulan körpə nədən ölüb?
Cəlilabad rayonunda körpə ölümü baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Firuzə Ağayevanın avqustun 22-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyaya gətirdiyi uşağının avqustun 28-də yaşadığı evdə ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, bir müddət öncə Ağdaş xəstəxanasında körpə ölümlərinə görə iki həkim barəsində cinayət işi açılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsində ötən il dekabrın 12-də Gülşən Bağıyevanın ölü uşaq dünyaya gətirməsi, bir neçə gün sonra, yəni dekabrın 25-də isə Əfsanə Hacıyevanın dünyaya gətirdiyi uşağın ölməsi faktları üzrə Ağdaş Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim mama-ginekoloq Ziyafət Rüstamova və həkim neonatoloq Rahilə Xəlilovanın Əfsanə Hacıyevaya, həkim Ziyafət Rüstamovanın isə Gülşən Bağıyevaya göstərdiyi qüsurlu tibbi xidmət səbəbindən yeni doğulmuş uşaqların ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.