RUSİYA

Putin: Rəqəmsal valyutalar üçün vaxtında sistemli qərarlar qəbul etmək lazımdır

Rusiya lideri qeyd edib ki, mayninq üçün əgər lazmi imkanlar olmayacaqsa, o zaman yeni müəssisələr, yaşayış massivləri, sosial obyektlər enerji təchizatında fasilələrlə üzləşəcək.
Sputnik
BAKI, 17 iyul — Sputnik. Rəqəmsal valyutaların çıxarılmasının tənzimlənməsi üçün vaxtında sistemli qərarlar qəbul etmək lazımdır. Bunu Rusiya prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş iclasda bildirib.

"Burada federal qanunlar səviyyəsində düzgün, sistemli qərarlar qəbul etmək lazımdır. Mən artıq Rusiyada rəqəmsal valyutaların çıxarılması, o cümlədən bu fəaliyyətin vergiyə cəlb edilməsi və tarif qərarlarını tənzimləmək üçün göstərişlər vermişəm", - Rusiya lideri deyib.

Prezident qeyd edib ki, mayninq üçün əgər lazımi imkanlar olmayacaqsa, o zaman yeni müəssisələr, yaşayış massivləri, sosial obyektlər enerji təchizatında fasilələrlə üzləşəcək, nəticədə perspektivli investisiya və infrastruktur layihələri dayandırılacaq.
Prezident vurğulayıb ki, rəqəmsal valyutalar dinamik və perspektivli sahədir və dünyada getdikcə daha çox tələbat yaranır. Onun sözlərinə görə, anı əldən verməmək, bu cür aktivlərin dövriyyəsi üçün hüquqi bazanın və tənzimləmənin operativ şəkildə qurulması vacibdir.
Putin əlavə edib ki, Rusiya artıq bu sahədə ciddi irəliləyiş əldə edib. Xüsusilə, rəqəmsal rubl platforması pilot layihə çərçivəsində öz performansını və funksionallığını nümayiş etdirib.
Qeyd edək ki, Rusiya Bankı 2021-ci ildə rəqəmsal rublun yaradılması üzərində işə başlayıb, 15 avqust 2023-cü ildən isə bu valyutanın reallıqda istifadəsi ilə bağlı təcrübə həyata keçirilir.
Pilot layihədə ilk olaraq 13 bank, 600-ə yaxın vətəndaş, eləcə də 30-a yaxın ticarət və xidmət şirkəti iştirak edib. Birinci mərhələdə tənzimləyici rəqəmsal rubllarda pul kisələrinin açılmasını, müştərilər arasında köçürmələri və mal və xidmətlərə görə ödənişi sınaqdan keçirir.
2024-cü ilin əvvəlində daha 20-yə yaxın bank pilot layihəyə qoşulub.