CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Aşura mərasimlərinə uşaqla giriş qadağan olundu-Reportaj-Video foto

Artıq illərdir ki, Aşura mərasimlərində zəncir vuraraq qan tökmək xeyirxah əməl sayılan qanvermə aksiyaları ilə əvəzlənib.
Sputnik
BAKI, 16 iyul — Sputnik. Bu gün Məhərrəm ayının 10-u Aşura günü qeyd olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, Aşura günü ilə bağlı Bakıda insanlar məscid və ziyarətgahlara axın edirlər. Bu Aşura mərasimlərində ötən illərdən fərqli olaraq azyaşlı uşaqların mərasim keçirildiyi yerlərə girişi qəti qadağan olunub. Bibiheybət ziyarətgahında polis əməkdaşları tərəfindən azyaşlı uşaqlarla gələn valideynlərə yeni qayda izah olunur, onların mərasim keçirilən yerə girişinə icazə verilmirdi. Ziyarətgahın qarşısında polis əməkdaşları ilə yanaşı, təcili təxirəsalınmaz tibbi yardım briqadaları da təhkim edilmişdi.
Apardığımız müşahidələr göstərdi ki, məscidə gələnlərin çox az qismi mərsiyə deyilən hissəyə keçərək Aşura ilə bağlı düzənləmiş dini ayinə qatılırdı. Aşura günü bu məscidə üz tutanların çoxu daha çox ibadət zalına keçir, dualar edirdilər.Əlində zəncir əzadarlıq edənlər demək olar ki, yox idi. İnsanlar yalnız sinə mərasimlərini yerinə yetirərək mərsiyələri təkrarlayırdılar.
Artıq illərdir ki, Aşura mərasimlərində zəncir vuraraq qan tökmək xeyirxah əməl sayılan qanvermə aksiyaları ilə əvəzlənib. Bu gün də ziyarətgahın binasında qanvermə aksiyası keçirilirdi. Aşura mərasimində iştirak edən vətəndaşlar qanvermə aksiyasında iştirak edirdi.
Qanvermə aksiyasının keçirildiyi hissəyə gedərkən yolda həmsöhbət olduğumuz, özünü İmam Hüseyn aşiqi kimi təqdim edən Nurlan Muradov kiçik yaşlarından Aşura məclislərinə qatılır. İndi isə 21 yaşında olan həmsöhbətimiz bu gün qanvermə aksiyasında iştirak edəcəyini söylədi.
Bibiheybət məscidində qanvermə arzusunda olanlar üçün normal şərait yaradıldığının şahidi oluruq. Hətta qan verənlər üçün məsciddə ayrıca süfrə də açılmışdı.
Buraya təhkim olunmuş Mərkəzi Qan Bankının həkim-terapevti Günel Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, səhər saatlarından ziyarətgahda təşkil olunmuş qanvermə aksiyasında fəallıq nümayiş olunur. İnsanlar dəstə-dəstə qanvermək üçün ziyarətgaha üz tuturlar. O, qan vermək üçün müraciət edən insanların sağlam olub-olmadığının dəqiqləşdirildikdən sonra qeydiyyata alındığını, müvafiq tibbi müayinələr aparıldıqdan sonra qan götürüldüyünü söyləyib. Bildirib ki, Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən qanvermə tam steril şəraitdə davam edir. 18-65 yaşlı şəxslər qeydiyyata donor olaraq götürülür. Toplanılan qan əvvəlcə Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanılacaq. Daha sonda isə könüllü donorlardan alınan qanlar talassemiyalı xəstələrin müalicəsində istifadə ediləcək. Həmçinin digər qana ehtiyacı olan xəstələrində müalicəsində bu qandan yararlanılacaq.
Mərkəzi Qan Bankının həkimi Günel Əliyeva
Qeyd edək ki, Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilir. Qanvermə aksiyaları Respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir:

Ünvanları aşağıdakılardır:

Bakı şəhəri üzrə:
1. Yasamal rayonu "Təzə Pir" məscidi;
2. Nasimi rayonu "Əjdərbəy" məscidi;
3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı;
4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi;
5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi;
6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi;
7. Suraxanı rayonu "Qaraçuxur" məscidi;
8. Binəqədi rayonu "İmam Əli" məscidi
Regionlar üzrə:
1. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi;
2. Sumqayıt şəhər "Cümə" məscidi;
3. Lənkəran şəhər "Böyük Bazar" məscidi;
4. Masallı şəhər "Cümə" məscidi;
5. Mingəçevir şəhər "Heydər" məscidi;
6. Şəki şəhər "İmam Əli" məscidi;
7. Şirvan şəhər məscidi;
8. Bərdə şəhər "İmamzadə" ziyarətgah məscidi;
9. Quba şəhər "Ərdəbil" məscidi
10 Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi;
11.Xaçmaz şəhər məscidi;
12.Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi
Səhiyyə Nazirliyinin saat 12:00-a olan məlumatına görə, aksiyalar səhər 9:00-dan başlanıb. Saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.
Məlumat üçün onu da qeyd edək ki, şiə müsəlmanların qeyd etdikləri bu gündə Məhəmməd Peyğəmbərin nəvəsi və dördüncü xəlifə Əli ibn Əbu Talibin oğlu, şiələrin üçüncü imamı Hüseyn ibn Əli və azsaylı məiyyəti hicrətin 61-ci ilində (miladi tarixlə 10 oktyabr 680-ci il) Kərbəlada qətlə yetirilib.