SƏHİYYƏ

"Semaşko"da doğulan əkiz uşaqlardan biri yoxa çıxıb? İşə Prokurorluq baxacaq

Klinika əkizlərdən birinin yoxa çıxdığını iddia edən qadınla bağlı Prokurorluğa müraciət edib.
Sputnik
BAKI, 15 iyul — Sputnik. Kliniki Tibbi Mərkəzin ("Semaşko" ) direktoru Könül Ələkbərov Mərkəzdə uşaq dünyaya gətirən Mədinə Hacıyevanın doğuş zamanı əkiz uşaqlarından birinin yoxa çıxdığı iddiasına cavab verib. K.Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, adıçəkilən qadının iddiaları cəfəngiyyatdır. O, əkiz uşağa hamilə qalsa da, uşaqlardan biri ana bətnində inkişafdan qalıb:
"Həmin qadın əkiz uşağa hamilə qalsa da, uşaqlardan biri ana bətnində inkişafdan qalıb. Mədinə Hacıyeva bizim Mərkəzdən başqa yerlərdə də müayinə olunub. Bu, çox ağır ittihamdır. Xanım Klinikanın tibbi personalını uşaq oğurluğunda ittiham edir. Ona görə də, mən həmin xanımla bağlı Nəsimi Rayon Prokurorluğuna müraciət etmişəm. Nəsimi Rayon Prokurorluğu ittihamı araşdırıb buna hüquqi qiymət verməlidir. Əks halda xanım Klinik Tibbi Mərkəzin əməkdaşlarını uşaq oğurluğunda ittiham etdiyi üçün cəzalandırılmalıdır. Çünki bu, bizim Klinikamızın, əməkdaşlarımızın işgüzar nüfuzuna zərbə vurur. Yox əgər xanımın iddiası doğrudursa, bunu edənlər cəzalarını almalıdırlar".
Qeyd edək ki, Mədinə Hacıyevaya adlı qadın mətbuata müsahibəsində Klinik Tibbi Mərkəzdə dünyaya gətirdiyi əkiz uşaqlarından birinin klinikada oğurlandığını iddia edib. O, bildirib ki, 2024-cü ilin yanvarın 26-da sözügedən klinikada uşaq dünyaya gətirib. Əkiz uşağa hamilə olduğu halda, ona bir oğlan uşağı dünyaya gətirdiyini bildiriblər. Hətta doğuş günü "Semaşko"nun USM aparatında çalışan müayinə həkimi Zeynəb Osmanova adlı əməkdaş da onun əkiz uşağa hamilə olduğunu təsdiqləyib. Hətta doğuşdan bir neçə dəqiqə əvvəl ona uşaqların ürək döyüntülərinin hansı ritmlə vurduğunu dinlədiblər. Müalicə və müayinə həkimi Solmaz Mehdiyeva əməliyyata gəlmədiyi üçün doğuşu həmin günü növbədə olan Minurə Kazımova edib.
Mədinə Hacıyeva bətnində iki döl olduğunu təsdiqləyən USM kağızı olduğunu da bildirib. Xanım iddia edir ki, əgər döllərdən biri inkişafdan qalıbsa, ölü döl barədə ona niyə məlumat verilməyib?
Qeyd edək ki, K.Ələkbərov Sputnik Azərbaycan-a açıq qalan suallara prokurorluğun istintaq qrupunun aydınlıq gətirəcəyini, əlavə şərhə ehtiyac duymadığını söyləyib.