BAKI, 15 iyul — Sputnik. Bakı bu gün qlobal iqlim gündəliyinin paytaxtına çevrilir. Bunu Azərbaycan paytaxtında mətbuata açıqlamasında Rusiya Federasiyası Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov bildirib.
Titov Azərbaycana budəfəki səfərini xüsusi adlandırıb. O bildirib ki, Rusiya Federasiyasının müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla, o cümlədən Azərbaycanla əlaqələrində davamlı inkişaf gündəliyini inkişaf etdirmək üçün Rusiya prezidentinin tapşırığı ilə Bakıya gəlib.
"Biz COP29-un Azərbaycanda necə hazırlandığını, bu gün həm təşkilati, həm də əsaslı işlərin görüldüyünü öyrəndik. Həqiqətən də, bu gün Bakı qlobal iqlim gündəminin paytaxtına çevrilir" - xüsusi nümayəndə vurğulayıb.
Titov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edib:
"Biz başa düşürük ki, bu gün ölkələr, hətta çoxlu fikir ayrılıqları olsa da, bu məsələdə qarşılıqlı anlaşmaya doğru gedirlər. Mən bütün məsələlərin həll olunacağını düşünmürəm, lakin Bakıda təşkil olunacaq COP29-da irəliləyiş olacaq".
Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi onu da bildirib ki, Rusiya tərəfi COP29-un hazırlanmasında çox fəal iştirak edir, Azərbaycan tərəfi ilə əsas gündəliyə dair görüşlər keçirilib, təşkilati məsələlər həll olunur.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası noyabr ayında Bakıda keçiriləcək.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı atmosferə atılan tullantıların azaldılması və orta illik temperatur artımının 1,5 dərəcə Selsi səviyyəsində saxlanılması məqsədlərinə nail olmaq üçün ötən il ərzində hansı işlərin görüldüyünü öyrənmək məqsədilə hər il keçirilir.
Bundan əlavə, konfrans iştirakçıları hər il iqlim neytrallığına nail olmaq üçün yeni məqsədlər qoyur, həmçinin yaşıl texnologiyalara və iqtisadiyyata keçidin yollarını və üsullarını müzakirə edirlər.
12.07.24, 19:10
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana işgüzar səfər edəcək
Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Azərbaycana işgüzar səfərə gələcək.
Sputnik Azərbaycan bu barədə Boris Titovun mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, o, iyulun 12-dən 15-dək ölkədə olacaq.
Səfər proqramına B.Titovla Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş daxildir.
Rusiya Prezidentinin xüsusi nümayəndəsinin səfəri 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində baş tutacaq.