TƏHSİL

DİM-dən abituriyentlərə və valideynlərə növbəti xəbərdarlıq

Tez-tez imtahanlarda mobil telefonla imtahan binasına daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər qayda pozuntularına rast gəlinir.
Sputnik
BAKI, 15 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarını tələb olunan imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırırıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun yaydığı məlumatda bildirilir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir.
Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir.
Ancaq təəssüf ki, tez-tez imtahanlarda mobil telefonla imtahan binasına daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə və digər qayda pozuntularına rast gəlinir. Dövlət İmtahan Mərkəzinin bütün xəbər və məlumatlarında neqativ hallar dəfələrlə ictimaiyyətin diqqətinə çatdırılsa da, bu tip qayda pozuntuları yenə də təkrarlanmaqda davam edir.
Məlumat verildiyi kimi, dünən keçirilən imtahanlarda üç nəfərdə mobil telefon aşkar olunub. Aşağıdakı görüntülərdən də aydın olduğu kimi, bir imtahan iştirakçısı isə öz mobil telefonunu ayaqqabısının altında gizlətməyə cəhd göstərib.
"Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər" - DİM-dən bildirilib.
Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarına müraciət edərək tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən xahiş edir ki, övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı unutmasınlar.
07.07.24, 16:45
II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib: 4 nəfərdə telefon aşkarlanıb
II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı başa çatıb.
DİM-dən bildirilib ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəra , Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.
İmtahanda 89 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
İyulun 8-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.
Növbəti qəbul imtahanında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqəsi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
09.06.24, 14:15
DİM I və III ixtisas qrupu üzrə əlavə imtahan keçirib
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahan 14 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78 ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240 buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.
İlkin məlumatlara əsasən, bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bir nəfər isə özü ilə gizli şəkildə xüsusi rabitə vasitəsi keçirməyə cəhd edərkən binanın girişində müəyyən edilib və imtahana buraxılmayıb. Hər iki halla bağlı araşdırma aparılır. Xatırladaq ki, qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 18 min 440 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra DİM-in saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
İyunun 10-dan etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
07.06.24, 11:54
DİM əlavə imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 9-da I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan keçiriləcək.
DİM-dən verilən xəbərə görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytında "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İnformatika fənni üzrə imtahanda 11804, coğrafiya fənni üzrə imtahanda isə 6636 nəfərin iştirakı nəzərdə tutulur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 78 imtahan binası, 1375 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 78 ümumi imtahan rəhbəri, 224 imtahan rəhbəri, 1719 nəzarətçi, 240 buraxılış rejimi əməkdaşı, 78 bina nümayəndəsi cəlb olunub.
İmtahanda 26 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyunun 8-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Qeyd: I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən, lakin 26 may və 2 iyunda keçirilən əsas imtahanda iştirak etməyən abituriyentlərin 9 iyunda keçiriləcək informatika və ya coğrafiya fənləri üzrə əlavə imtahanda iştirak etmələrinin hüquqi əhəmiyyəti yoxdur.