CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xəstələrin hüquqlarının qorunması tələb olunur

"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna daxil edilə biləcək bir sıra dəyişikliklər hazırlanıb.
Sputnik
BAKI, 15 iyul — Sputnik. Azərbaycanda həkim səhvləri ilə bağlı şikayətlər çoxalıb. Dövlət və özəl klinikalarda bir sıra uğursuz əməliyyatlar hüquq müdafiəçilərini növbəti dəfə xəstələrin hüquqlarına hörmət edilməsi məsələsini gündəmə gətirməyə məcbur edib.
Belə hallardan biri də bu yaxınlarda Sumqayıt şəhərində baş verib. Şəhər sakini Nuridə Zülfüqarova mətbuata həkim səhvinin qurbanı olduğunu bildirib. O, mayın 29-da dövlət tibbi sığortası ilə burun boşluğunda polip şikayəti ilə özəl klinikaya müraciət edib. Qadının sözlərinə görə, əməliyyatdan sonra onda çəpgözlük yaranıb. Həkim pasiyentə bir ay ərzində görmə qabiliyyətinin bərpa olunacağına söz verib, lakin vaxt keçdikcə gözlərin vəziyyəti daha da pisləşib. Sonradan məlum olub ki, cərrah təkcə gözləri deyil, göz oyuğunu da zədələyib. İndi Zülfüqarova təcili olaraq üz-çənə cərrahiyyə üzrə iki bahalı əməliyyat keçirməlidir. Qadın iddia edir ki, əks təqdirdə, o, görmə qabiliyyətini tamamilə itirə bilər.
Öz növbəsində Zülfüqarovanı əməliyyat edən cərrah öz günahını rədd edir və hesab edir ki, çəpgözlük xəstənin ona verilən tövsiyələrə əməl etməməsi üzündən yaranıb. Bu günlərdə həkim özü xəstənin yaxınlarının təzyiqə məruz qalması, ondan ikinci əməliyyat üçün pul tələb etməsi ilə bağlı prokurorluğa şikayətlə müraciət edib.
Xəstələrin hüquqlarını qoruyacaq qanun
Pasiyent Təşkilatları İttifaqı qanunvericilərə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif etdikləri dəyişikliklərə tez bir zamanda baxılmasını tövsiyə edir.
İttifaqın sədri Ayaz Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, hələ 2020-ci ildə Pasiyent Təşkilatlarının I Respublika Forumu çərçivəsində bəyannamə qəbul edilib. Sənəddə xəstələrin hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin beynəlxalq tələblərə uyğun dəyişdirilməsinin zəruriliyini göstərən 16 bənd qeyd olunub. Bəyannamə səhiyyə orqanlarına və Milli Məclisə (parlament) göndərilib.

"2021-ci ildən başlayaraq biz hər il "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının 26 iyun 1997-ci il tarixli 360 nömrəli Qanunundakı boşluqların doldurulması lazım olan məsələsini qaldırırıq". Məsələ budur ki, 30 ilə yaxın müddətdə ona heç bir dəyişiklik edilməyib. Xüsusən də, həkim səhvinə görə xəstəyə kompensasiya ödənilməsi üçün hələ də heç bir müddəa nəzərdə tutulmayıb. Bununla əlaqədar kompensasiyanın təyin edilməsi üçün konkret meyarlar müəyyən edilməlidir", - hüquq müdafiəçisi qeyd edib.

Ayaz Hüseynov
Hüseynovun sözlərinə görə, həkimin məsuliyyəti haqqında müddəa qanuna daxil olunmayana qədər problemlər yaranmağa davam edəcək. O, həmçinin qeyd edib ki, səhiyyə sistemi mübahisəli məsələləri öyrənmək üçün mütləq müstəqil tibbi ekspertiza yaratmalıdır. Digər tərəfdən, həkimlərdən beynəlxalq tibbi protokolların tövsiyələrinə ciddi əməl etmələrini tələb etmək lazımdır.

"Xəstədə fəsadlar yaranarsa və həkim tibbi protokollara əməl edərsə, günahsız olduğunu sübut edə bilər. Yalnız müstəsna hallarda, pasiyentdə başqa bir xəstəlik müşayiət olunarsa, xəstədə fəsadlar yarana bilər", - həmsöhbət bildirib.

Həmçinin qanuna edilən dəyişikliklərə dair təkliflər arasında müasir müalicə, fərdi müalicə, ağrı və iztirabdan azad olmaq hüququ və s. sahəsində xəstələrin hüquqlarına dair əsasnamənin tətbiqi ilə bağlı tövsiyə də edilib.
Qeyd edək ki, bu yaxınlarda altıncı çağırış Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda həkimlərin, tibb işçilərinin və xəstələrin hüquqlarını müdafiə edən yeni qanun layihəsinin hazırlandığını bildirib. O, əminliklə qeyd edib ki, qanun layihəsi parlamentin növbəti iclasında müzakirə oluna bilər.
Həkimlər üçün cəza
Bu gün həkim səhlənkarlığın qurbanı olmuş şəxslər hüquq-mühafizə orqanlarına müraciət etdikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131-ci (qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə iş açılır. Səhlənkarlıq ucbatından sağlamlığa ağır zərər vurma 1200 manatdan 2400 manatadək cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İş həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə də kvalifikasiya oluna bilər. Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazimi qaydada yerinə yetirməməsi, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasıdır. Bu halda məhkəmə səhlənkarlığa görə 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.