BAKI, 15 iyul — Sputnik. Azərbaycan və Mərakeş arasında ümumvətəndaş pasportlarının sahibləri viza tələbindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"i təsdiqləyib.
Xatırladaq ki, bu ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb. Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə sazişi imzalayıblar.