Azərbaycanda adambaşına düşən xərc artır, artımın sürəti isə azalıb - CƏDVƏL
Alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Əhalinin dərman xərclərində azalma müşahidə edilir.
SputnikBAKI,14 iyul — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artsa da, bu artım tempində azalma davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 manat və ya 2,8 faiz çoxdur. Pərakəndə ticarətdə 421,3 manat xərcin 237,1 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 184,2 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Adambaşına düşən xərcin artım sürəti azalıb
Qeyd edək ki, Azərbaycanda adambaşına düşən orta aylıq xərcin artım tempi azalmaqda davam edib. Belə ki, bu ilin yanvar ayında adambaşına düşən orta aylıq xərc illik müqayisədə 17 manat, yanvar-fevral aylarında 14,5 manat, yanvar-mart aylarında 13 manat, yanvar-aprel aylarında 11,8 manat, yanvar-may aylarında 11,6 manat artıb. Rəqəmlərdən də göründüyü kimi, ölkədə adambaşına düşən orta aylıq xərcin artımı azalıb.
İnflyasiya aşağı düşdükcə xərcin artım tempi də azalır
Ölkədə adambaşına düşən orta aylıq xərcin artım tempinin azalması inflyasiyanın azalması ilə bağlıdır. Belə ki, bu ilin yanvar-may aylarında Azərbaycanda orta illik inflyasiya illik müqayisədə 0,6 faizə düşüb. Halbuki keçən il ölkədə 2022-ci illə müqayisədə orta illik inflyasiya 8,8 faiz təşkil edib. Beləliklə, ölkədə infyasiya kəskin şəkildə aşağı düşməkdədir. Əgər növbəti aylarda inflyasiyanın aşağı düşməsi davam edərsə, adambaşına düşən orta aylıq xərcin artım tempi də azalacaq.
"İnflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır"
Mərkəzi Bankın məlumatına görə, inflyasiyanın xarici fonu ümumilikdə neytraldır:
"Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri 5,6 faiz artsa da, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri 3,4 faiz azalıb. İnflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski olaraq qalır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiyanı azaldacaq amildir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amillərinin, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsinin və kredit aktivliyinin inflyasiyaya təsirləri diqqətdə saxlanılmalıdır".
"Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (2-6 faiz) olacağı gözlənilir", - Mərkəzi Bankın məlumatında bildirilib.
Pərakəndə ticarət dövriyyəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.
Ən çox ərzaqlara pul xərclənir
Bu ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin:
51,4 faizi ərzaq məhsullarının,
4,9 faizi içkilər və tütün məmulatlarının,
13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
5,8 faizi avtomobil benzini və dizel yanacağının,
4,5 faizi elektrik malları və mebellərin,
2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların,
1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri azalıb
Bu ilin yanvar-may aylarında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 505,6 milyon manat pul xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azdır.
Xatırladaq ki, Baş nazir Əli Əsədov bildirib ki, 2023-cü ildə inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaldıb.
Əlavə edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilib ki, ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.