BAKI, 12 iyul — Sputnik. İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyə və tezliklə sülh müqaviləsi imzalamağa hazırdır. Bunu 10-cu BRİKS Parlament Forumu zamanı Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan sərhəd xəttinin 12 kilometrə yaxın hissəsi artıq delimitasiya olunub və hər iki tərəfin sərhəd xidmətləri sərhədin müvafiq hissələrində yerləşir.
"Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda heç bir iddiası yoxdur və delimitasiya prosesinin davam etdirilməsi, sülh müqaviləsinin mümkün qədər tez başa çatdırılması və imzalanması üçün konstruktiv və intensiv işə hazırdır" - Rubinyan bildirib.
O qeyd edib ki, Ermənistan həm də regional kommunikasiyaların açılması ilə beynəlxalq tranzit marşrutlarının bir hissəsi olmaqda maraqlıdır. Cənubi Qafqazda iri infrastruktur layihələri region ölkələri və ondan kənar ölkələr üçün birləşdirici amilə çevrilə bilər.
"Cənubi Qafqazda nəqliyyat marşrutlarının bərpası və açılması iqtisadi münasibətlər sisteminin davamlı regional modelinin formalaşmasına gətirib çıxarmalıdır" - erməni diplomat bildirib.
O əlavə edib ki, sülh gündəliyinin bir hissəsi kimi Ermənistan hökuməti "Sülh kəsişməsi" layihəsini hazırlayıb. Bu, ölkələrin suverenliyinə və yurisdiksiyasına, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılması layihəsidir.
"Bütün tərəflərin maraqlarını birləşdirməklə, bizim regionda əməkdaşlıq və tərəqqi yaratmaq üçün tarixi imkanımız olacaq" - siyasətçi deyib.
Rubinyanın sözlərinə görə, Ermənistan siyasi dialoqun təkmilləşdirilməsi və beynəlxalq münasibətlərdə sabitliyin artırılması, bütün maraqlı tərəfdaşların bərabərhüquqlu və konstruktiv əməkdaşlığının tərəfdarıdır.
Xatırladaq ki, iyulun 11-də ABŞ dövlət katibinin iştirakı ilə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş baş tutub. Danışıqlardan sonra tərəflər sülh müqaviləsinin imzalanması baxımından irəliləyiş olduğunu elan ediblər. İrəvan da öz növbəsində sənədi mümkün qədər tez imzalamağa hazır olduğunu bəyan edib.
27.06.24, 13:53
Azərbaycanla sülh sazişi layihəsinin mətni hazırdır - Mirzoyan
Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətni demək olar ki, yekunlaşıb. Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycanla münasibətlərə gəlincə, biz danışıqlar prosesini davam etdiririk. Sülh müqaviləsi layihəsinin mətnini demək olar ki, yekunlaşdırmışıq. Ermənistan bir ay içərisində mətni tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh sazişini imzalamağa hazırdır" - nazir vurğulayıb.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb. Onun sözlərinə görə, söhbət sülh sazişinin 10-cu nəşrindən gedir.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.
10.05.24, 16:29
Sülh müqaviləsi imzalamaqla kifayətlənməməliyik - Mirzoyan
Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamaqla kifayətlənməməlidir. Sputnik Qazaxıstan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Almatıda azərbaycanlı və qazaxıstanlı həmkarları ilə görüşündə deyib.
"Biz daha da irəli gedə bilər, regionda bütün nəqliyyat kommunikasiyalarını bərpa edə bilərik" - Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan sülhə nail olmaq, sülh müqaviləsi bağlamaq məqsədi güdür.
"Biz danışıqlar prosesində çox konstruktiv iştirak edirik" - o vurğulayıb.
Bundan əvvəl Azərbaycan XİN rəhbəri Almatıda xarici işlər nazirləri arasında danışıqların 2 gün davam edəcəyini bildirmişdi.
Mayın 10-da Qazaxıstanın naziri Murat Nurtleunun iştirakı ilə Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılır.
Görüşdən sonra onlar mətbuata açıqlama verəcəklər.