BAKI, 11 iyul — Sputnik. Özbəkistan hökuməti Azərbaycanla ticarət dövriyyəsini 2023-cü ilin yekunlarına görə 230 milyon dollardan çox olan dollara qarşı 1 milyard dollara çatdırmağı planlaşdırır.
Mətbuat xidmətindən verilən məlumata görə, bu yaxınlarda Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Buxara şəhərində əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 13-cü iclasını keçiriblər.
"Qarşılıqlı ticarətin həcminin 1 milyard dollara çatdırılması ilə bağlı tədbirlər müzakirə olunub. Bunların arasında tələb olunan malların təhlili əsasında idxalın əvəzlənməsi, iri şəhərlərdə mütəmadi ticarət və biznes-missiyalarının, milli məhsul sərgilərinin qarşılıqlı əsasda keçirilməsi nəzərdə tutulub", - nazirliyin "Telegram" kanalında yerləşdirilən məlumatda deyilir.
Tərəflər ipək məhsullarının istehsalı, toxuculuq klasterinin yaradılması, beynəlxalq məktəbin tikintisi, ərzaq məhsullarının istehsalının təşkili üzrə yeni birgə layihələri nəzərdən keçiriblər.
"İkitərəfli və tranzit yükdaşımaların həcminin artırılması məqsədilə nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və logistika infrastrukturunun yaradılması məsələlərinə xüsusi diqqət yetirilib", - mətbuat xidməti əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bəyan edib ki, bu ilin ilk beş ayında Azərbaycan-Özbəkistan ticarət dövriyyəsinin həcmi təxminən 70 milyon dolları təşkil edib.
Nazirlikdən verilən məlumata görə, Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələrində 90-dan çox Özbəkistan şirkəti qeydiyyatdan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.