BAKI, 10 iyul — Sputnik. Koloradodan olan amerikalı demokrat senator Maykl Bennet ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək prezident seçkilərində Ağ Evin hazırkı rəhbəri Co Baydeni böyük fərqlə məğlub edə biləcəyini etiraf edib.
"Donald Tramp, məncə, bu seçkilərdə qalib gəlmək yolundadır və yəqin ki, böyük fərqlə... Ağ Ev, o fəlakətli debatdan sonra, məncə, bu seçkidə qalib gəlmək planlarının olduğunu göstərmək üçün heç nə etməyib", senator bildirib.
ABŞ mediası Baydenin respublikaçı Donald Trampla iyunun 28-nə keçən gecə Atlantada keçirilən ilk debatda zəif çıxış etdiyi ilə razılaşır. Hazırkı ABŞ prezidenti kəkələdi və dayandı, fikirlərini dəqiq ifadə etmədi və debatdan sonra televiziya kamerası Baydenin həyat yoldaşı Cillin ona pilləkənlərdən enməsinə kömək etdiyi anı çəkdi.
İndi siyasətçilər və jurnalistlər deyirlər ki, demokratlar Baydenin namizədliyini irəli sürməkdən imtina edə və onu başqa namizədlə əvəz edə bilərlər. Nəzəri olaraq avqustda keçiriləcək qurultayda partiyanın belə bir imkanı olacaq, amma praktikada ilkin seçkilərdə qalib gələn Baydenin özü iştirakdan imtina etməsə, onu yarışdan kənarlaşdırmaq çətin olacaq. Eyni zamanda hazırkı prezidentin qərargahı onun təslim olmaq fikrində olmadığını və yarışdan çəkilmədiyini bildirir. Bəzi məlumatlara görə, o, avqustda partiya qurultayını gözləmədən iyulun 21-də prezidentliyə namizəd kimi irəli sürülə bilər.