AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan Prezidenti Pakistana səfər edəcək

Tərəflər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş miqyaslı müzakirələr aparacaq.
Sputnik
BAKI, 10 iyul — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Pakistanın baş naziri Şahbaz Şərifin dəvəti ilə iyulun 11-12-də bu ölkəyə rəsmi səfər edəcək. Bu barədə Pakistan mediası məlumat yayıb.
"Səfər zamanı prezident Əliyev prezident Asif Əli Zərdari və baş nazir Məhəmməd Şahbaz Şəriflə görüşlər keçirəcək. Tərəflər ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı maraq doğuran sahələr üzrə geniş miqyaslı müzakirələr aparacaq", - məlumatda deyilir.
Səfər zamanı bir sıra saziş və memorandumların imzalanacağı gözlənilir.
Xatırladaq ki, iyulun 3-ündə Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev, Türkiyə Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Zati-aliləri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 24-cü iclası çərçivəsində Astanada görüşüblər.
Üçtərəfli zirvə görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər, həmçinin Qəzza, Kipr, Kəşmir, İslamofobiya kimi regional və qlobal məsələlər müzakirə olunub.