BAKI, 9 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modi ilə bütün məsələləri qeyri-rəsmi müzakirə etdiklərini bildirib.
Modi ilə görüşdə Putin deyib ki, dünən qeyri-rəsmi şəraitdə praktiki olaraq bütün məsələlər üzrə danışmaq imkanımız olub.
Prezident Vladimir Putin baş nazir Narendra Modini Kazanda payızda keçirilməsi planlaşdırılan BRİKS sammitinə dəvət edib.
"Biz sizi bu payızda BRİKS sammitində Kazanda görməyə şad olarıq" - Rusiya dövlət başçısı Kremldə danışıqlarda Hindistanın baş nazirinə müraciət edib.
Hindistanın baş naziri iyulun 8-9-da Rusiyada rəsmi səfərdədir, bu, onun son 5 ildə Rusiya Federasiyasına ilk səfəridir. İyulun 8-də liderlər Rusiya liderinin Novo-Oqarevodakı iqamətgahında qeyri-rəsmi danışıqlar aparıblar.
Rusiya Prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modiyə Hindistan dövlətinin inkişafında yeni uğurlar arzulayıb.
Putin Rusiya ilə Hindistan arasında daimi təmasların davam etdirildiyini bildirib.
"Biz sizinlə daim təmasdayıq və ticarət-iqtisadi əlaqələrin inkişafına böyük diqqət yetiririk" - Putin deyib.
O, bunun hər iki ölkə xalqlarının maraqlarına uyğun olduğunu vurğulayıb.