BAKI, 9 iyul — Sputnik. Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Biblioteka” ictimai iaşə obyektində plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
"Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir" - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, sözügedən restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.
08.07.24, 19:32
Bakıda mətbəxində siçovul görüntülənən restoranla bağlı araşdırmaya başlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı görüntülərin yayıldığı məlumatı nəzarətə götürülüb. AQTA-dan bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib. Qeyd olunub ki, məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Bildirilib ki, araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib. Bu barədə "Oxu.Az saytı məlumat yayıb. Xəbərdə bildirilib ki, görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb. Onlar gülərək siçovulun mətbəxə haradan girməsi ilə bağlı bir-birilərinə suallar veriblər. Həmin restoranın "Biblioteka" olduğu iddia edilir.
Sputnik Azərbaycan-a açıqlama verən "Biblioteka" restoranın məsul əməkdaşı isə, görüntülərin bu iaşə obyektində çəkildiyini inkar edib. Nəcməddin Şabanov adlı restoran əməkdaşı bildirib ki, görüntülərin çəkildiyi mətbəxin restorana aidiyyatı yoxdur.
"Bu görüntülər bizim restoranda çəkilməyib. Kimsə bizim restoranın imicini zədələmək üçün bu görüntülərin "Biblioteka" restoranında çəkilmiş kimi ictimaiyyətə təqdim edib. Biz hər həftə restoranı dezinfeksiya edirik. Hər kəs də bilir ki, restoran şəhərin mərkəzində yerləşir. Burada siçanın olması da ağlabatan deyil. Məqsəd bizim işüzar nüfuzumuza xələl gətirməkdir", - deyə Nəcməddin Şabanov bildirib.
Restoran əməkdaşı onu da deyib ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.