BAKI, 8 iyul — Sputnik. Rusiya Federasiyasının Avropa ölkələrinin Şimal dənizindəki infrastrukturunda təxribat törətməyi planlaşdırması barədə Qərb KİV-lərinin məqalələri saxtakarlıqdan başqa bir şey deyil. Bunu Rusiya Federasiyası Prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.
"Guya "kəşfiyyat" adı altında yalan məlumat tərtib etmək və yaymaq anqlo-saksonların adi bir işidir", - Patruşev bildirib.
O əlavə edib ki, bu, Rusiya Federasiyasının əleyhdarlarının özlərinin etdiklərinə görə ölkəni günahlandırmağa çalışdıqları ilk hal deyil. Prezidentin köməkçisi "Şimal axını" qaz kəmərləri ilə bağlı vəziyyəti misal çəkərək qeyd edib ki, Qərb həmin qaz kəmərlərində baş vermiş terror aktlarının təfərrüatları ilə bağlı məlumatları gizlədir.
Bundan əvvəl Patruşev bildirib ki, ABŞ, Böyük Britaniya və Avropanın onlarla elmi institutu Qərbdə siyasi gündəmi formalaşdıranların nəyin bahasına olursa olsun hakimiyyətdə qalması üçün Rusiyanın NATO ölkələri ilə döyüşmək planlarına dair yalanlar uydurur.
"Bəzi avropalı siyasətçilər partlayışları sifariş edənlər və törədənlər haqqında məlumat əldə edərək, istintaqın öz ölkələrinin milli maraqlarına zidd olduğunu açıq şəkildə bəyan ediblər", - o, əlavə edib.
"Rusiya beynəlxalq hüquq normalarına riayət etməyə və bütün dövlətlərin iqtisadi maraqlarına hörmətə əsaslanan məsuliyyətli siyasət aparır", - Patruşev vurğulayıb.
RF dövlət başçısının köməkçisi onu da deyib ki, Rusiyanın dəniz kommunikasiyalarına çıxışını məhdudlaşdırmağa çalışan Qərb "tərəfdaşları" haqqında eyni şeyi söyləmək mümkün deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.