BAKI, 8 iyul — Sputnik. Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonunda qanunsuz olaraq evi sökülən və buna görə küçədə qalan qadına dəymiş ziyanın müəyyən hissəsi ödənilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu zərərçəkmiş Afət Quliyevanın özü deyib.
Zərərçəkmiş bildirib ki, dəymiş ziyanın bir hissəsi ödənilməklə yanaşı, müvəqqəti yaşamaq üçün evlə də təmin olunub.
A.Quliyeva hazırda həmin evə köçməyə hazırlaşdığını deyib.
Mənzilin heç bir məhkəmə qərarı olmadan qanunsuz söküldüyü müəyyən edilib. Rayon prokurorluğu tərəfindən dəlil və sübutlar toplanıb, "İbrahim-Q" MTK-nın bir sıra vəzifəli şəxslərinin ifadəsi alınıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, gecə saatlarında Bakının mərkəzində bir neçə ailənin evinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Kadrlarda vətəndaşların evindən çıxarıldığı, söküntünün qeyri-qanuni aparıldığı əks olunub.
Qeyd edək ki, hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda dərhal araşdırma başladılıb.
Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.