BAKI, 7 iyul — Sputnik. İyulun 7-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 7-də kim anadan olub?
Ələkbər Hüseynov (1961-2007) - Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur (2006-2007).
Lion Feyxtvanger (1884-1958) - alman yazıçısı və dramaturqudur. O, fəaliyyət alternativləri və fəlsəfi düşüncə mövzusunu işləyib hazırlayıb. Müharibə əleyhinə açıq mövqeyi ilə tanınan dramaturq, mədəniyyətin müdafiəsi istiqamətində beynəlxalq hərəkatın iştirakçısı kimi faşizmi ifşa edib.
Yelena Obraztsova (1939-2015) - Sovet və Rusiya opera müğənnisi, aktrisa, SSRİ xalq artisti, Böyük Teatrın solistidir (1964-2009). O, dünyanın bütün aparıcı opera səhnələrində çıxış edib: Metropoliten-Opera, La Skala, Vyana Operası, Kral Opera Teatrı, Bavariya Operası, Berlin Operası, Qarnye Operası, Mariinski Teatrı.
Yelena Obraztsova
© Sputnik / Владимир Вяткин
Toto Kutunyo (1943-2023) - italiyalı müğənni və bəstəkardır. O, Adriano Çelentano, Co Dassen, Dalida, Riççi e Poveri kimi ifaçılarla işbirliyi ilə tanınır. Müğənni L"italiano mahnısı ilə məşhurlaşıb. O, 1990-cı ildə Zaqrebdə keçirilən "Eurovision" Mahnı Müsabiqəsinin qalibidir.
7 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1987-ci ildə Çernobıl atom elektrik stansiyasının (AES) üç rəhbərinin məhkəmə prosesi başlayıb. Onlar bir il əvvəl stansiyada baş vermiş partlayışda ittiham olunublar. Bu işi Sovet İttifaqı Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası aparıb.
1990-cı ildə Romada keçirilən xeyriyyə konsertində müasir dövrün üç görkəmli tenoru - Luçano Pavarotti, Plaçido Dominqo və Xose Karreras ilk dəfə birlikdə çıxış ediblər.
2007-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda dünyanın yeni yeddi möcüzəsi açıqlanıb: Böyük Çin Səddi, Kolizey, Maçu Pikçu, Petra, İsa Məsihin heykəli, Tac-Mahal və Çiçen-İtsa.
2010-cu ildə Petropavlovskda (Qazaxıstan) Dostluq Fəvvarəsi açılıb. Burada dünya ədəbiyyatı klassiklərinin, şair və yazıçılarının 34 heykəli qoyulub. Kompozisiyanın müəllifi məşhur memar Kazbek Satıbaldindir.