BAKI, 7 iyul - Sputnik. İyulun 7-də paytaxtın Suraxanı rayonu Binə qəsəbəsi ərazisində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib.
Suraxanı rayon prokurorluğundan verilən xəbərə görə, Mehman Məmmədovun tutularaq istintaqa cəlb edilməsindən ötrü Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun polis əməkdaşı 1986-cı təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə cinayət işi başlanaraq, istintaq aparılır. Mehman Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
İyulun 6-da saat 24.00 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə məhkum olunmuş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Məmmədov Mehman Səlahəddin oğlu polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.
DİN-in Mətbuat Xidmətinin yaydığı xəbərə görə, M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.
Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
***
Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib.
Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.