SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk dünyasının liderləri Fələstini dövlət kimi tanımağa çağırıblar

Qarabağ Bəyannaməsində bildirilir ki, liderlər paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədlərinə əsaslanan, müstəqil, suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyirlər.
Sputnik
BAKI, 6 iyul - Sputnik. Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderləri bütün ölkələri Fələstin Dövlətini tanımağa çağırıblar. Bu barədə iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsində bəhs edilib.
Bəyannamənin 25-ci bəndi İsrail-Fələstin münaqişəsinə həsr olunub. Həmin bənddə deyilir:
"Qəzzada baş vermiş humanitar fəlakət vəziyyətinə görə dərin narahatlığını ifadə edir və mülki əhalinin seçimsiz hədəfə alınmasını qınayır; dərhal və daimi atəşkəsin təmin edilməsinə, Qəzzaya maneəsiz humanitar yardımın göstərilməsinə, eləcə də beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə tam riayət edilməsinə; daha sonra İsrail-Fələstin münaqişəsinin iki dövlətli həll əsasında ədalətli və uzunmüddətli həllinə çağırırlar;
Paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədlərinə əsaslanan, müstəqil, suveren və vahid Fələstin Dövlətinin beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir, Fələstin Dövlətinin BMT-yə üzvlüyə yararlı olduğunu və buna görə də onun BMT-yə üzvlüyə qəbul edilməli olduğunu müəyyən edən BMT Baş Assambleyasının 2024-cü il 10 may tarixli qətnaməsinin qəbul olunmasını məmnuniyyətlə alqışlayır; habelə bunu etməyən bütün ölkələri Fələstin Dövlətini tanımağa çağırırlar"