BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Hörmətli dövlət və hökumət başçıları.
Əziz dostlar.
Mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!”.
Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm.
Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.
Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.
Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.
Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Sərəncamımla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.
Qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.
Bu gün Qarabağ Bəyannaməsi də Şuşada imzalanacaq.
Hörmətli həmkarlar, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır.
“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.
Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.
Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm.
Əziz dostlar, hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.
Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.
Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır.
Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.
Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.
Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləmişdir. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.
Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.
***
Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.
"Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir" - o, çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.
"Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır" - prezident çıxışında deyib.
“İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır” - o, əlavə edib.
Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının İclası keçirilir
Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclas TDT-nin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində baş tutur.
Toplantıda çıxış edən nazir Ceyhun Bayramov bu mühüm görüşün təşkilatın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib:
“Əminik ki, bu mühüm görüş təşkilatın və mövcud əməkdaşlıq potensialının maksimuma çatdırılmasına töhfə verəcək”, - nazir bildirib.
Ceyhun Bayramov həmkarlarını Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumatlandırıb.
Nazir regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarına geniş məlumat verib.
Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunub.
Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.