BAKI, 6 iyul - Sputnik. Qazaxıstan Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılmasını təklif edib.
“Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
“İqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün maliyyə sektorunda əlaqələri gücləndirmək lazımdır. Türk dövlətləri Mərkəzi Banklarının Şurasının yaradılması lazımdır. Mən Türk dövlətlərinin Patent Təşkilatının yaradılmasını da təklif edirəm. Bu il Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının təsis iclası keçirilib. Əminəm ki, onun fəaliyyəti iqtisadiyyatın, maliyyə-investisiya sahəsinin inkişafına müsbət təsir göstərəcək”, - o vurğulayıb.