BAKI, 6 iyul - Sputnik. Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün platforma təklif etməyə hazırdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı ümid edir ki, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülh olacaq.
O, həmçinin qeyd edib ki, siyasi və iqtisadi dəyişikliklər bütün dünyaya təsir edib: “İnanıram ki, birgə əməkdaşlıq nəticəsində TDT-yə üzv ölkələrin iqtisadiyyatının inkişafına töhfə verəcəyik".
***
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunub.
Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin də iştirakı gözlənilir. Belə ki, iyulun 5-də Macarıstanın Baş naziri Viktor Orban da Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.