SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev "X"da Merih Demiralla bağlı paylaşım edib

Azərbaycan prezidenti Merihə qarşı tətbiq edilən cəza ədalətsiz adlandırıb və bunu qətiyyətlə pisləyib.
Sputnik
BAKI, 6 iyul - Sputnik. Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm.
Bu barədə Prezident İlham Əliyev rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!", - dövlət başçısı qeyd edib.
Qeyd edək ki, UEFA "Avro-2024"ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini "boz qurd" işarəsi ilə bölüşən Türkiyə millisinin üzvü Merih Demiralı cəzalandırıb.
UEFA-nın yaydığı məlumata əsasən, 26 yaşlı müdafiəçiyə iki oyunluq cəza verilib. Bu isə o deməkdir ki, Demiral 1/4 finalda Niderlandla keçiriləcək oyunu və əgər komanda yarımfinala adlayırsa, həmin mərhələnin matçında meydanda olmayacaq.
Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiralın məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilib. Türkiyə mediasının yazdığına görə, cəza Almaniya hökumətinin müraciətindən sonra qəbul edilib.
Qeyd edək ki, Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi. Merihin bu oyunda "boz qurd" işarəsi göstərməsi UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilmişdi.