BAKI, 6 iyul - Sputnik. İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı TDT-nin hazırkı sədri, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində atılan addımları xüsusi vurğulayaraq deyib:
“Ümumiyyətlə, istənilən münaqişə və qarşıdurmanı həll etməyin bir yolu var. Bu, konstruktiv dialoqdur. Bu mənada, sədrliyimiz çərçivəsində biz vasitəçiliyə xüsusi diqqət yetiririk. Mən Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində müsbət tendensiyanı vurğulamaq istərdim. Biz barışığa yönəlmiş addımları alqışlamalıyıq. Biz Bakı və İrəvan arasında sülh danışıqları üçün platformamızı təklif etməyə hər zaman hazırıq”.
Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun əhəmiyyətini vurğulayan Qazaxıstan Prezidenti bildirib: “Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun bütün potensialı istifadə olunmalıdır. Bu gün bu istiqamətdə konteyner daşımalarının həcmi kəskin şəkildə artıb. Biz nəqliyyat daşımalarının vaxtını azaltmaq üçün multimodal rəqəmsal platforma, rəqəmsal ticarət dəhlizi yaratmışıq. Bu istiqamətdə Azərbaycanla sıx əməkdaşlıq edirik”.
Prezident Kasım-Jomart Tokayev COP29-da fəal iştirak edəcəklərini diqqətə çatdırıb: “Biz iqlim məsələləri ilə bağlı Türk dünyası ilə əməkdaşlığı gücləndirməyə hazırıq. Bununla əlaqədar biz bu il Azərbaycanda keçiriləcək COP29 iqlim konfransının işində fəal iştirak etməyi planlaşdırırıq”.