DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var - Paşinyan

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla deyil, həm də onun qəbul edilməsindədir.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Ermənistanın yeni Əsas Qanuna ehtiyacı var. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Konstitusiya ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsidir. O, Konstitusiyadakı suveren sözünün Ermənistan xalqının təkcə de-yure deyil, həm də 2018-ci il inqilabından sonra de-fakto suveren olmasına əsaslandığını vurğulayıb.

"Mövcud Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır, bu gün Ermənistan vətəndaşları mövcud Konstitusiyanın cəmiyyətdə və dövlətdə həyat qaydaları ilə bağlı fikirlərini əks etdirdiyinə inanmırlar", - Paşinyan bildirib.

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla deyil, həm də onun qəbul edilməsindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır.

"Bizə xalqla - konstitusiyanın yaradıcısı ilə üzvi şəkildə bağlı olacaq yeni Konstitusiya lazımdır", - Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Buna baxmayaraq, baş nazir vurğulayıb ki, ölkədə institusional sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır.
Baş nazir beynəlxalq səviyyədə tanınmış ərazidə azadlığı, firavanlığı, xoşbəxtliyi və təhlükəsizliyi təmin etmək üçün Ermənistan Respublikasını yaradan "real Ermənistan" xalqının maraqlarını diqqət mərkəzində saxlamağa çağırıb.
Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, İrəvanla sülh müqaviləsi bağlamaq yolunda əsas maneə Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının saxlanmasıdır.
Ermənistan hakimiyyəti əmin edir ki, konstitusiyaya dəyişiklik planları Azərbaycanın tələbləri ilə bağlı deyil.
Ermənistanın hazırkı konstitusiyası 1995-ci ildə qəbul edilib, 2005 və 2015-ci illərdə islahat edilib. 2015-ci ildə edilən düzəlişlərdən sonra ölkə yarı-prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.