RUSİYA

Rusiya ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir - RF lideri

Rusiya lideri bildirib ki, qazaxıstanlı həmkarlarının fəal iştirakı ilə indiki şurada təsdiqlənmək üçün həqiqətən də möhkəm sənədlər və qərarlar paketi hazırlanıb.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir, o, bərabərlik prinsipləri əsasında və bir-birinin maraqlarını nəzərə alaraq tədricən inkişaf edir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Rusiya ŞƏT çərçivəsində tərəfdaşlıq qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir ki, bu qarşılıqlı fəaliyyət bərabərlik, bir-birinin maraqlarının nəzərə alınması, mədəni və sivilizasiyaların müxtəlifliyinə hörmət və təhlükəsizlik sahəsində aktual məsələlər barədə birgə həll yollarının axtarışı prinsipləri əsasında tədricən inkişaf etməkdə davam edir", - Putin Astanada ŞƏT-ə üzv dövlətlərin rəhbərləri Şurasının iclasında bildirib.
O qeyd edib ki, qazaxıstanlı həmkarlarının fəal iştirakı ilə indiki şurada təsdiqlənmək üçün həqiqətən də möhkəm sənədlər və qərarlar paketi hazırlanıb.
"Onların həyata keçirilməsi, şübhəsiz ki, ŞƏT-in rolunun və təsirinin gücləndirilməsinə töhfə verəcək. Bütün ŞƏT iştirakçılarının fəalyyəti BMT-nin mərkəzi roluna, beynəlxalq hüquqa, suveren dövlətlərin qarşılıqlı faydalı tərəfdaşlıq istəyinə əsaslanan ədalətli çoxqütblü dünya nizamının formalaşmasına yönəlib", - Rusiya prezidenti vurğulayıb.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.
Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 üzv dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.