BAKI, 4 iyul — Sputnik. Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Bakıtjan Saqintayev və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Min çərşənbə günü Astanada Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ŞƏT arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bu barədə AİK-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Saqintayev ŞƏT ilə Aİİ arasında anlaşma memorandumunun həyata keçirilməsi üzrə fəaliyyət planının hazırlanmasının başa çatmasından danışıb. O, sənədin imzalanmasının bu ilin payızında Ermənistanda keçiriləcək Avrasiya İqtisadi Forumu zamanı təşkilini təklif edib.
"Aİİ-ŞƏT" formatında gələcək qarşılıqlı fəaliyyət imkanlarından danışan AİK kollegiyasının rəhbəri Aİİ dövlətlərinin beynəlxalq nəqliyyat dəhlizlərinin, multimodal və konteyner daşımalarının inkişafında, regionda yükdaşımaların rəqəmsallaşdırılmasında maraqlı olduqlarını vurğulayıb.
Saqintayev yaxın vaxtlarda ŞƏT-ə üzv ölkələrin nəqliyyat nazirləri və Aİİ ölkələrinin nəqliyyat sahəsində səlahiyyətli orqan rəhbərləri şurasının birgə iclasının keçirilməsini təklif edib.
Xatırladaq ki, iyulun 3-də Astanada "Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişafa doğru" şüarı altında keçirilən ŞƏT sammiti işə başlayıb.
Sammit iştirakçıları 24 birgə sənəd paketini imzalamağı, həmçinin assosiasiya iştirakçılarının mehriban qonşuluq və birlik prinsiplərinə sadiqliyini təsdiq edən yekun bəyannamə və bəyanat qəbul etməyi planlaşdırırlar.