BAKI, 3 iyul — Sputnik. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
İclasda Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.
Bundan başqa Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb və onun tərkibi təsdiqlənib.
Eyni zamanda, iclasda Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi məsələsi də səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.