BAKI, 3 iyul - Sputnik. Federasiya Şurası çərşənbə günü keçirilən iclasda Rusiya parlamentinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının dayandırılması ilə bağlı bəyanatının senator hissəsini qəbul edib.
“Rusiya Federasiyasının senatorları və Dövlət Dumasının deputatları Rusiya Federasiyası Federal Məclisinin nümayəndə heyətinin ATƏT PA-da iştirakının, habelə Rusiya Federasiyasının təşkilata töhfələrinin ödənilməsinin dayandırılmasını əsaslı və məntiqli hesab edirlər. İştirakın dayandırıldığı müddət ərzində Assambleyanın reqlamentinə Rusiya nümayəndə heyətinə zərər vurmağa yönəlmiş hər hansı dəyişiklik hüquqi baxımdan etibarsız sayılacaq” - Rusiya parlamentinin hər iki palatasının bəyanatında deyilir.
Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov iyunun 19-da palatanın plenar iclasında komitə adından Rusiya nümayəndə heyətinin ATƏT PA-da iştirakının dayandırılmasının lehinə çıxış edib. Onun sözlərinə görə, komitənin mövqeyi Dövlət Dumasının müvafiq komitəsi ilə razılaşdırılıb. Bu təşəbbüsə səbəb Rumıniyanın “Rusiyanın Ukraynaya təcavüzü” səbəbindən Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvlərinə viza verməmək qərarı olub.
Rusiya parlamentinin yuxarı palatasının sədri Valentina Matvienko bu təşəbbüsü dəstəkləyib və Rusiya nümayəndə heyətinin ATƏT PA-nın işində iştirakının dayandırılması ilə bağlı qərar layihəsinin hazırlanmasına göstəriş verib. O, təşkilatın “qərəzli olduğunu, ukraynalılaşdığını” və Rusiyanın orada olmamasından yalnız Assambleyanın uduzacağını bildirib.