BAKI, 3 iyul — Sputnik. Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 121 nəfərə çatıb.
"Times of India" xəbər verir ki, ölənlərin arasında uşaqlar da var. Hadisə vaxtı havanın isti olması ölüm hallarının artmasına səbəb olub.
Qeyd edək ki, iyulun 2-də dini vaiz Bhole Baba ilə görüşə 50 min insanın toplaşdığı faciə yerində kriminalistlər və məhkəmə ekspertləri işləyir. Məlumata görə, böyük izdihamı idarə etmək üçün hadisə yerinə cəmi 40 polis göndərilmişdi.
Tədbirin təşkilatçılarına qarşı cinayət işi açılıb. Polis hadisədən sonra gizlənən vaizi axtarışa verib. Onun xeyriyyə fondunun ofisində və evində axtarış aparılıb.
Azərbaycan səfirliyi Hindistana başsağlığı verib
Xatırladaq ki, Azərbaycanın Hindistandakı səfirliyi Yeni Dehliyə başsağlığı verib. Bu barədə diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
"Azərbaycanın Hindistandakı səfirliyi Hathrasda çoxlu sayda insanın faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirir. Biz Hindistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq" - məlumatda bildirilib.