BAKI, 2 iyul - Sputnik. Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin rəsmi açılışından əvvəl Astanada bir sıra ikitərəfli görüşlər keçirəcək. TASS xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Belə ki, iyulun 3-də, protokol tədbirlərinin başlanmasından bir gün əvvəl Rusiya liderinin Azərbaycan prezidenti İlham Əliyev, Monqolustan və Türkiyə prezidentləri Uxnaaqiyn Xurelsux, Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının sədri Si Cinpin, eləcə də Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqları planlaşdırılır.
Xüsusilə, Ərdoğanla görüşdə liderlər Putinin Türkiyəyə gözlənilən səfərini müzakirə edə bilərlər.
Axşam üçün nəzərdə tutulan qeyri-rəsmi nahardan bir müddət əvvəl sammit iştirakçılarının Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də görüşü gözlənilir.
İyulun 4-də “kiçik, qısa ikitərəfli təmasların təşkili üçün vaxt olacaq”. Belə ki, artıq İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbərlə danışıqlar razılaşdırılıb.
Bildirilir ki, tədbirin proqramına beynəlxalq və regional gündəlikdəki məsələlərin müzakirəsi, həmçinin 24 sənədin imzalanması daxildir.
Yuri Uşakov deyib ki, iyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində “ŞƏT plus” formatının ilk iclası keçiriləcək. İştirakçılar ŞƏT-in beynəlxalq əməkdaşlığının perspektivlərini müzakirə edəcəklər.
“İyulun 4-də “ŞƏT plus” formatında görüş keçiriləcək. Bu format ilk dəfə olaraq "ŞƏT plus" olaraq təyin olunur. Bundan əvvəl ŞƏT-in genişləndirilmiş iclasında dəvət olunmuş bütün ölkələr təmsil olunurdu. Yeni format artıq rəsmi olaraq elan edilib", - Kreml nümayəndəsi qeyd edib.
ŞƏT ölkələrinin bayraqları, arxiv
© AFP 2024 / GREG BAKER
Onun sözlərinə görə, tədbirin mövzusu “Çoxtərəfli Dialoqun Gücləndirilməsi – Davamlı Sülh və İnkişafa Ümid”dir. Yəni, ŞƏT ilə dəvət olunan ölkələr arasında beynəlxalq və regional məsələlər üzrə əməkdaşlıq məsələləri əsasən nəzərdən keçiriləcək.
Uşakov qeyd edib ki, ŞƏT plus formatında keçiriləcək ilk iclasa Azərbaycan Prezidenti İlham Əliyev, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux, Türkiyə Prezidenti Tayyib Ərdoğan, Rəs əl-Xaymə əmirliyinin hakimi, Əmirliyin Ali Şurasının üzvü, şeyx Səud bin Saqr əl-Qasimi və Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov dəvət olunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.