BAKI, 2 iyul — Sputnik. Pekin və Vaşinqton arasında münasibətlər ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca və ondan sonra da pisləşə bilər. Bu fikri XII Qlobal Sülh Forumu ərəfəsində keçirilən brifinqdə çıxış edən Çinin Tsinxua Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Yan Syuetun deyib.
"Çin-ABŞ münasibətlərinin bir il ərzində pisləşməsi ehtimalı onların sabitləşməsi və ya yaxşılaşması ehtimalından daha böyükdür", - professor deyib.
Onun sözlərinə görə, bu onunla əlaqədardır ki, Ağ Ev rəhbəri seçkilər ərəfəsində seçicilərə ABŞ-ın Çinlə bağlı siyasətinə sadiqliyini nümayiş etdirməlidir və yeni seçilmiş prezident də seçkilərdən sonra eyni öhdəliyi nümayiş etdirməli olacaq.
Ekspert bildirib ki, Respublikaçılar və Demokratlar arasında Çinə yanaşmada böyük fərq yoxdur.
"Kimin seçkidə qalib gəlməsindən asılı olmayaraq, ABŞ-ın Tayvan siyasətində heç bir əsaslı dəyişiklik olmayacaq", - ekspert qeyd edib.
O xatırladıb ki, 1992-ci ildə ABŞ Çinə verdiyi vədləri pozaraq Tayvana silah tədarükünü bərpa edib və o vaxtdan bəri ada üçün müstəqillik tərəfdarı olan qüvvələrə dəstəyi əhəmiyyətli dərəcədə artırıb.
Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir. Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton "vahid Çin" siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür.
Qlobal Sülh Forumu 2012-ci ildən bəri hər il Çinin və dünyanın aparıcı universitetlərindən biri olan Tsinxua Universiteti tərəfindən keçirilir. Burada diplomatlar, dövlət idarələrinin nümayəndələri və alimlər iştirak edirlər. Bu il forum iyulun 5-dən 7-dək baş tutacaq. Tədbirin əsas mövzusu "Qlobal təhlükəsizlik idarəçiliyinin təkmilləşdirilməsi: ədalət, birlik və əməkdaşlıq"dır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.