TƏHSİL

Bəzi məktəblər ilin sonunadək adambaşı maliyyələşmə sisteminə keçəcək

Azərbaycanda təhsil islahatlarının növbəti mərhələsi kimi adambaşı maliyyələşmə sistemi tətbiq olunacaq.
Sputnik
BAKI, 1 iyul — Sputnik. İlin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, bir neçə məktəbdə pilot kimi həyata keçiriləcək: "Sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq".
Nazir deyib ki, artıq bir neçə il öncə təhsil sahəsində aparılan islahatların nəticələrini artıq buraxılış imtahanlarının nəticələrində görürük.
"Bizim təhsilimizin əsas problemləri ibtidai sinifdən başlayır. İbtidai təhsillə bağlı ən böyük məsələ orada keyfiyyətin artırılmasıdır. İbtidai sinif müəllimlərinin sertifikasiya mərhələsi artıq başa çatıb. Növbəti tədris ilində biz 20 faiz müəllimi yeniləyəcəyik", - nazir qeyd edib.