BAKI, 29 iyun - Sputnik. Elm adamları 2024-cü ilin yayında istidən ölüm hallarının kəskin artacağından qorxurlar. Bu barədə Financial Times xəbər yazır. Qəzetin həmsöhbətləri vurğulayıblar ki, dünyanın əhəmiyyətli bir hissəsi ekstremal hava şəraiti ilə üzləşir və təhdid altındadır.
Alimlər 2024-cü ilin yayın tarixinin ən isti yay olacağını proqnozlaşdırırlar. BMT-nin iqlim dəyişikliyi üzrə xüsusi müşaviri Selvin Hart dünya ölkələrini insanları “səssiz qatil” adlandırdığı həddindən artıq istilərdən qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.
2022-ci ildə dünyada istidən 62 minə yaxın ölüm qeydə alınıb. Ekspertlər hesab edir ki, 2024-cü il üçün rəqəmlər daha yüksək olacaq.
İsti hava, arxiv
© AP Photo / Hadi Mizban
2024-cü ilin iyun ayında Səudiyyə Ərəbistanında Məkkəyə gedərkən 1300-dən çox zəvvar ölüb. Onların çoxu yaşlı insanlar idi. Almaniyanın iqlim üzrə elçisi Cennifer Morqan qlobal istiləşmənin hər yerdə ekstremal hava hadisələrinə səbəb olduğunu və ən həssas insanları riskə atdığını söyləyib.
Bundan əvvəl Berklidəki Kaliforniya Universitetinin klimatoloqları El Ninonun (Sakit okeanın ekvator hissəsində suyun səth qatının temperaturunun dəyişməsi iqlimə təsiri) təsiri ilə 2024-cü ilin yayının planetin bəzi yerlərində həddindən artıq isti olacağını proqnozlaşdırmışdılar.
Bu, ekvatorda qərb küləklərinin yavaşladığı, isti suların şərqə itələndiyi və okean səthinin temperaturunun yüksəldiyi bir iqlim hadisəsidir. El Nino meşə yanğınları, daşqınlar və qasırğalarla müşayiət olunur.
Alimlər xəbərdarlıq ediblər ki, yüksək temperatur və yüksək rütubətin birləşməsi "ölümcül ola biləcək ikiqat zərbədir". Sağlam insanların əksəriyyəti quru istiyə dözə bilir, lakin nəmli istilik bədənə daha çox stress verir.
Rütubət nə qədər yüksək olarsa, tər bir o qədər az buxarlanır və tərləmənin soyuducu təsirini azaldır. Tədqiqat müəllifləri vurğulayıblar ki, əgər insan bədənini 37 dərəcəyə qədər soyuda bilmirsə, ölüm təhlükəsi ilə üzləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.