BAKI, 28 iyun — Sputnik. Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi il yarımdan sonra mümkündür, çünki hökumət çətin ki, iqtisadiyyatdakı mövcud problemləri həll edə bilsin. Bu fikirləri əsas müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel deyib.
"Bir il yarım sonra növbədənkənar seçkilər keçirilə bilər. İqtisadiyyatda, pensiyalarda, maaşlarda, vergilərdə problemlər hakimiyyəti belə bir qərara sövq edə bilər" - partiya sədri deyib.
Siyasətçinin sözlərinə görə, cəmiyyətin demək olar ki, yarısı növbədənkənar seçkilərin keçirilməsini tələb edir və bu cür düşüncələr hər ay tədricən güclənir. Özel deyib ki, CHP hər ay seçicidən 1% dəstək əlavə edir.
"Növbədənkənar seçkilərə tələbat artdıqca, biz bu barədə danışmağa davam edəcəyik, eyni zamanda, indi müxalifətin erkən seçkilərlə bağlı qərara gəlməyə imkan verəcək 360 parlament üzvünə ehtiyac var", - Özel bildirib.
Ondan Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ittifaq yaratmadan CHP ilə münasibətləri normallaşdırmaq niyyəti ilə bağlı son açıqlamasına münasibət bildirməsi istənilib. Özel dialoq olacaq, amma heç bir ittifaq olmayacaq deyib.
Erkən səsvermə ilə bağlı qərarı parlamentin təsdiqi ilə prezident və ya hökumət qəbul edə bilər. Hakim AKP və müttəfiqlərinin parlamentdə 315, CHP və ona yaxın qüvvələr isə 184 mandata malikdir. Digər müxalifət partiyaları erkən seçkilərdə maraqlı deyil, çünki seçkilər keçirilsə, zəif mövqelərinə görə parlamentdəki təmsilçiliyini itirmək riski var.