RUSİYA

Peskov: Rusiya ilə Avropa arasında münasibətlərin normallaşması perspektivləri pisdir

Əgər söhbət Rusiya ilə münasibətlər mövzusundan gedirsə, o zaman Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin mövqeyi hamıya məlumdur.
Sputnik
BAKI, 28 iyun — Sputnik. Avropa İttifaqının rəhbərliyində kadr dəyişiklikləri Aİ ilə Rusiya arasında münasibətlərin normallaşmasına səbəb olmayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 28-də keçirilən konfransda bu barədə danışıb.
"Əgər söhbət Rusiya ilə münasibətlər mövzusundan gedirsə, o zaman Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin mövqeyi hamıya məlumdur. O, Aİ ilə Rusiya arasında münasibətlərin normallaşmasının tərəfdarı deyil. Biz onu belə tanıyırıq. Heç nə dəyişmir. Estoniyanın baş naziri, Aİ diplomatiyasının rəhbəri təyin olunmuş Kay Kallas da hələ diplomatik meyl nümayiş etdirməyib. O da barışmaz, bəzən rusofob ifadələri ilə məşhurdur. Ona görə də biz düşünmürük ki, Avropa diplomatiyası münasibətlərin normallaşdırılmasına tərəfdar olacaq. Moskva ilə Brüssel arasında münasibətlərin perspektivləri pisdir", - yetkili izah edib.
Xatırladaq ki, bu günlərdə Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının rəhbəri olaraq qalacağı məlum olub. Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa Şurasının prezidenti təyin edilib. Estoniyanın baş naziri Kaya Kallas isə Aİ diplomatiyasının rəhbəri olub.