BAKI, 28 iyun— Sputnik. Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik parlamentin iclasında müzakirəyə çıxarılıb.
Belə ki, Məcəlləyə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilir.
Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.
Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək məbləğdə cərimə olunacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.