İQTİSADİYYAT

Aİ92 benzinin və dizelin qiyməti bahalaşsa, manat ucuzlaşacaq - İqtisadçıdan şok anons

Natiq Cəfərli onu da bildirib ki, yanacağın qiymət artımı aqrar sahəyə təsirsiz ötüşməyəcək.
Sputnik
BAKI, 28 iyun — Sputnik. İqtisadçı Natiq Cəfərli Aİ92 benzinin və dizel yanacağının qiymətinin artacağı barədə məlumatı şəh edib. Sputnik Azərbaycan-ın məlumatına görə, iqtisadçı yanacağın qiyməti artarsa bunun sonda manatın ucuzlaşmasına gətirib çıxardacağı anonsunu verib.
"Aİ92 benzinin və dizel yanacağının qiymətinin artması üçün heç bir iqtisadi əsas yoxdur – neft ölkəsiyik, xammalı xaricdən almırıq, yerli istehsalımız var, neftin qiyməti dünya bazarında ilin əvvəlindən bəri artmayıb, 80-85 dollar koridorunda sabitləşib. Dəb olan "ekoloji problemlər" mövzusunu işin içinə qatıb qiymət artımına "qlamur" don geydirmək də doğru deyil. Ekoloji həssaslığımız, avtomobil parkını yeniləmək istəyimiz, elektrik və hibrid maşınlara keçidi sürətləndirmək arzumuz varsa, o zaman geniş təşviq proqramı qəbul edilməli, keçid orqanik və təbii yolla baş verməlidir".
Natiq Cəfərli
N.Cəfərli elektrikli avtomobillər üçün infrastrukturun yaradılmaması məsələsinə də toxunub:
"Bu gün elektrik və hibrid maşınlarına güzəştlər yetərli deyil, son 3 ildə istehsal olunan avtomobillərə şamil edilir. Yeni avtomobillər isə bahadır, vətəndaşın alıcılıq gücünə uyğun deyil. Elektrik avtomobillərinin iş prinsipi eynidir. 10 il əvvəl buraxılan da, dünən istehsal edilən də eyni prinsiplə işləyir. O zaman nədən il məhdudiyyəti qoymalıdır ki?! İllah məhduduyyət istəyirsinizsə, yürüş məsafəsi ilə tənzimləmək olar. Məsələn, 100 min km yürüşə qədər olan elektrik avtomobillərinə 0 rüsum, 0 vergi, 0 aksiz tətbiq edin, camaat da alsın, gətirsin. Lap tutalım ki, elektrik avtomobillərinin qiyməti artdı, yaxşı, buna uyğun infrastruktur varmı, niyə yaradılmır, nədən artmır?! Regionlarda, ümumiyyətlə infrastruktur yox dərəcəsindədir. Bütün bunları edin, təşviqi gücləndirin, sonra deyin ki, məsələn, dizel ziyanlıdır, qiymətini qaldırırıq ki, ekologiyaya ziyan olmasın".
N.Cəfərli onu da bildirib ki, yanacağın qiymət artımı aqrar sahəyə təsirsiz ötüşməyəcək.
"Ölkədə aqrar sahə və logistika dizellə çalışır, siz elektriklə işləyən traktor, kombayn alacaqsız, yükdaşıma məsələsini necə həll edəcəksiniz?! Aqrar sektorda istehsal olunan mallarda maya dəyərinin 40%-ni, yük və sərnişin daşımalarda 20%-ə yaxınını yanacaq xərcləri tutur. Yaxşı, dizelin qiymətini artırdız, bəs düşünmürsünüz ki, aqrar məhsulların qiyməti artacaq, ərzaq bahalaşacaq?! Qarşıdan seçkilər gəlir, ola bilsin, seçkidən öncə qiymət artımları olmasın, amma bilin ki, bu seçkilərdə hökumətə güclü və aydın şəkildə, "dəyişin, islahat aparın", mesajını verməsək, kommunal xidmətlər, ictimai nəqliyyat, yanacaq – bir sözlə hökumət tərəfindən tənzimlənən bütün sahələrdə qiymət artımı olacaq. Sonra da "tortun üzərindəki vişnə" kimi manat da ucuzlaşacaq!" - iqtisadçı bildirib.
Qeyd edək ki, ötən gün yaxın günlərdə Aİ92 və dizel yanacağının qiymətinin artacağı barədə məlumat yayılıb. Yayılmış informasiyaya görə, qiymət artımı ekoloji durumun qorunması və elektromobil avtomobillərin ölkəyə gəlişini stimullaşdırmaq məqsədi daşıyır.
Hazırda ölkəmizdə Aİ92 benzinin 1 litri 1 manat, A93 (Premium) 2 manat, dizel isə 0,80 manatdır.