BAKI, 27 iyun — Sputnik. Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, xarici dil müəllimlərinin 48 faizi 30-50 bal arasında, 31 faizi isə 51 baldan yüksək nəticə göstərib. Emin Əmrullayev prosesdə iştirak edən 13 min 957 xarici dil müəllimindən 11 min 84-nün uğur qazandığını diqqətə çatdırıb.
E. Əmrullayev deyib ki, sertifikasiya ballarının artırılmasında güzəşt edilə bilməz: "Sertifikasiyanın nəticələrindən verilən apelyasiya müraciətlərində ciddi narazılıqlar müşahidə etməmişik. Appalyasiya şikayətlərində elə ciddi problemlər müşahidə olunmayıb. Əsasən balların yuxarı qaldırılması və müəyyən güzəştlərlə bağlı müraciətlər olub. Ona görə də, balların artırılmasında güzəşt edilə bilməz".
Nazir kollec bitirənlərin müəllim olması ilə razılaşmadığını da ifadə edib.
"Müəllim ali təhsilli olmalıdır. Dünyanın hər yerində müəllimlər ali təhsillidir. Sadəcə, Azərbaycanda müəyyən dövrdə müəllim qıtlığına görə qısa müddətdə boşluq doldurulub və orta ixtisas sahibləri müəllim olmaq imkanı əldə edib"nazir söyləyib.
Emin Əmrullayev bildirib ki, əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir: "Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç dəfə ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılır".
Nazir vurğulayıb ki, bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunmuşdu: Təbii ki, növbəti illərdə yeni standarlar da hazırlanacaq. Fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq. Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir. Artıq rahat deyə bilərik ki, yeni tədris ilində ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin hamısının minimal biliyi var. Amma bu, hələ də hər şey demək deyil. Yeni tədris ilində məktəblərdə metodik nəzarət artırılacaq. 150 müəllim yeni tədris ilində müasir metodik xidmət layihəsinə cəlb olunacaq" - nazir bildirib.