SƏHİYYƏ

Tibbi xidmət müqabilində əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır - Rəsmi

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur.
Sputnik
BAKI, 27 iyun — Sputnik. Tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib
Onun sözlərinə görə, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur.
Xatırladaq ki, ötən həftə Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində Vətən müharibəsi qazisindən rüşvət tələb olunduğuna dair görüntülər yayılıb.
"Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır və qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcək. Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır" - deyə TƏBİB-in İcraçı direktoru vurğulayıb.