TƏHSİL

MİQ imtahanlarına buraxılan müəllimlərə xəbərdarlıq!

Şəxsi səhifədə qeyd olunmuş məkandan fərqli imtahan mərkəzlərində imtahan vermək imkan xaricindədir.
Sputnik
BAKI, 27 iyun — Sputnik. İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.
Test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, MİQ-ə buraxılan namizədlərə imtahan yerinə vaxtında gəlmələri üçün xəbərdarlıq olunub.
"Qeydiyyat prosesinə gecikən namizədlər imtahan zalına buraxılmayacaq. İmtahana gələrkən aşağıdakı sənədləri özünüzlə gətirməyiniz tələb olunur: şəxsiyyəti təsdiq edən sənəd (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqəsini); şəxsi səhifənizdə test imtahanı mərhələsində iştirak edəcəyiniz imtahan tarixi, saatı və məkanının qeyd olunduğu hissədən çıxarış. Diqqət! Şəxsi səhifədə qeyd olunan imtahan tarixindən əvvəl və ya sonrakı imtahan seanslarında iştirak etmək imkan xaricindədir. Şəxsi səhifədə qeyd olunmuş məkandan fərqli imtahan mərkəzlərində keçirilən imtahanlarda iştirak etmək imkan xaricindədir" - xəbərdarlıqda vurğulanıb.
25.06.24, 12:40
Müəllimlərin nəzərinə: Apellyasiya müraciətlərinin qəbuluna başlandı
21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verilib.
Təhsil İnstitutundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.
Xatırladaq ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Təhsil İnstitutundan verilən xəbərə görə, test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb.
21.06.24, 10:50
Müəllimlərin sertifikatlaşdırılması imtahanına bu gündən start verilir
İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.
Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir.
Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.
20.06.24, 10:29
Sertifikasiya imtahanı verəcək müəllimlərə xəbərdarlıq!
Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi sertifikatlaşdırmada iştirak edəcək müəllimlərə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilib ki, müəllimlər 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarına gələrkən yalnız şəxsiyyəti təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.

"İmtahan binasına çanta və ya digər şəxsi əşyaları gətirməməyiniz tövsiyə olunur!" - deyə müəllimlərə xəbərdarlıq olunub.

Xatırladaq ki, 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanları respublikanın 18 şəhər və rayonundakı 27 məktəbdə təşkil olunacaq.
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.