BAKI, 27 iyun - Sputnik. Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Toplantıda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılıb.
Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
Müşavirədən qayıtdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.
Qərarda deyilir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir.
Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.
10:56
Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ (Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusu) ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.
***
Milli Məclisin qərarında çox vacib məsələlər, problemlər qaldırılmışdır, hesab edirik ki, əsaslıdır.
Bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.
Rüstəm Qasımov bildirib ki, xüsusilə də Konstitusiya Məhkəməsinin 2019-cu il 4 dekabr tarixli Qərarında çox maraqlı bir məsələyə toxunulmuşdur. Bu məsələ nədən ibarətdir? Konstitusiya Məhkəməsi həmin qərarında qeyd edir ki, Milli Məclis təbii olaraq deputatların mütləq əksəriyyəti ilə öz qərarlarının, öz işinin aparıb-apara bilməyəcəyi barədə qərar qəbul etməyə səlahiyyətlidir. Həmin qərardan bizim anlayışımız ondan ibarətdir ki, biz bu məsələdə Milli Məclisin bu qərarını əsas götürüb ona hörmətlə yanaşmalıyıq. Hesab edirik ki, bu halda Milli Məclis 105 səs çoxluğu ilə qərara gəlmişdir ki, seçkiləri daha əvvəl keçirmək daha məqsədəmüvafiqdir. Biz də düşünürük ki, bu mövqe əsaslıdır.
Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə iştirakını təmin edəcək Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib:
"Milli Məclisin müzakirə olunan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı hesab edirik ki, Konstitusiyanın 98-1-ci maddəsi parlamentin bu məsələ ilə bağlı müraciət etmək hüququnu məhdudlaşdırmır. Bu da nəzərə alınmalıdır ki, Milli Məclisin qərarında qeyd olunduğu kimi, COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır".
O əlavə edib ki, bu baxımdan seçkilərin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakını təmin edəcək. Beləliklə, Konstitusiyanın 56-cı maddəsində təsbit edilmiş vətəndaşların seçki hüququna təminat veriləcək. Bu, eyni zamanda, deputatlığa namizədlərin seçkiqabağı təşviqatı rahat şəkildə aparmalarına imkan yaratmalıdır.
Qeyd edək ki, iyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası işə başlayıb. İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılır.
***
Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması barədə Prezidentin sorğusuna baxır
Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
İclasda parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxılır.
Toplantıda aidiyyəti üzrə tərəflər iştirak edir.
Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Qeyd edək ki, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.