TƏHSİL

İkinci cəhddə keçid balını toplayan müəllimlərlə bağlı nazirdən açıqlama

Emin Əmrullayev deyib ki, yerdə qalan 6% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.
Sputnik
BAKI, 27 iyun — Sputnik. Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%-i) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı diqqətə çatdırıb.
Nazir qeyd edib ki, yaş aralıqlarına əsasən, uğurlu nəticə toplayan ibtidai sinif müəllimlərinin faizi belədir: 30-34 yaş – 97%, 35-39 yaş – 85%, 40-49 yaş – 83%, 50-59 yaş – 85%, 60 və daha yuxarı yaşda olanlar isə 92% olmaqla, ümumilikdə onların 86%-i müvafiq keçid balını toplaya biliblər. Digər tərəfdən, yerdə qalan 14% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.
Bununla yanaşı, nazir bildirib ki, uğurlu nəticə toplayan Azərbaycan dili və ədəbiyyat müəllimlərinin yaş qrupları üzrə paylanması faizi belədir: 30-34 yaş – 99%, 35-39 yaş – 96%, 40-49 yaş – 94%, 50-59 yaş – 90%, 60 və daha yuxarı yaşda olanlar isə 90% olmaqla, ümumilikdə onların 94%-i müvafiq keçid balını toplaya biliblər. Yerdə qalan 6% isə 2-ci cəhddə də keçid balını toplaya bilməyib.
Nazir bildirib ki, builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında ibtidai sinif fənni üzrə ən aşağı orta balı toplayan bölgələr üzrə siyahıda ilk yerdə Astara rayonundakı müəllimlər dayanır.
O deyib ki, siyahı üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən isə 0-29 bal aralığında orta balı ən aşağı olan Tərtər, Bərdə, Daşkəsən rayonundan müəllimlər olublar: "Riyaziyyat fənnindən ən aşağı orta balı toplayan müəllimlər Gədəbəy, Göygöl, Ağcabədi bölgələrindən olublar. Xarici dil fənni üzrə isə ən aşağı orta balı toplayan müəllimlər Ağcabədi, Astara, Lerik rayonundan olublar".