BAKI, 27 iyun — Sputnik. Aksiz markası olmayan külli miqdarda müxtəlif növ tütün məmulatları aşkar edilib.
Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Ford" markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş aksiz markası ilə markalanmayan külli miqdarda, 267806 manat dəyərində 837600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.
Aksiz markası olmayan külli miqdarda tütün məmulatları aşkarlanıb
© Photo : State Customs Comitet
Bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Faktla bağlı DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xeyli miqdarda dərman vasitəsi aşkar olunub
Xatırladaq ki, bundan öncə Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusu vasitəsilə yoxlanılarkən monitorda şübhəli cizgilər müşahidə olunub.
Daha sonra hal şahidlərinin iştirakı ilə baxış zamanı nəqliyyat vasitəsinin qoşqusunda maye çəninin içərisində gömrük orqanına bəyan edilməyən 27 adda, ümumilikdə 10787 ədəd dərman vasitəsi və 8 ədəd birdəfəlik iynə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.